» Press reziler » Ətraf Mühit Seminarı

 
 
 

Ətraf Mühit Seminarı

Baxılıb: 605

  • Tarix: 14-02-2013, 14:22
  • 12 fevral, 2013-cü il tarixdə, Muğan-Salyan zonasının Sabirabad şəhərində AzKİL2-nin Ətraf Mühit mövzusunda Seminarı düzənləndi. Tədbirə əməkdaşlıq edilən 23-ə yaxın icmanın (II Şahsevən, Aşıqlı-1, Araz, Gələbədin. Qiyaməddinli,Varxankənd, Qıraqlı, Nəsimikənd, Kovlar, Qızılkənd, Aranlı, Məmmədli və s.) 70-dən çox nümayəndəsi, yerli icra və bələdiyyə orqanlarının rəsmiləri qatılıb. İkinci Kənd İnvestisiyaları Layihəsinin direktor müavini, Bacarıqların artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminovanın çıxışları icma layihələrinin həyata keçirilməsi prosesində təbii sistemlərin mühafizə edilməsi və ətraf mühitin müvafiq keyfiyyətdə qorunub saxlanması məsələlərini işıqlandırıb, icmalarda sağlam ətraf mühitə qarşı məsuliyyətin zəruriliyini mündəricə edib.

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit üzrə məsləhətçisi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun "Qlobal iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri" mövzusundakı təqdimatı diqqətlə qarşılanıb. T. Zeynalov son 50 il ərzində dünyada baş verən təbii fəlakətlər, onların statistikası və törətdiyi iqtisadi böhran, fəsad və təhlükədən, qlobal ekoloji problemlərdən (iqlim dəyışmələri, biomüxtəlfliyin azalması, səhralaşma, ozon qatının dağılması, torpaqların deqradasiyası) bəhs edib. 2012-ci ildə baş verən təbii fəlakətlər nəticəsində dünya iqtisadiyyatına 160 mlrd. dollar həcmində ziyan dəydiyini söyləyən ekoloq, otən il ölkəmizdə təbii fəlakətlərin sayının digər illərə nisbətən artdığını, nəticələri aradan qaldırmaq məqsədilə dövlət tərəfindən 690 milyon manat vəsaitin ayrıldığını açıqlayıb.Qlobal iqlim dəyişmələri mövzusunda filmin nümayişnin ardından icma səviyyəli Ətraf Mühit məsələlərinə dair müzakirələr və sual-cavab bölməsi yer alıb.

    Təqdimat ətrafındakı müzakirələrdə ətraf mühitin qorunmasının, əhalinin sağlamlığının təmininin ilk növbədə ekoloyi problemlərin həllindən asılılığı, həyata keçirilən layihələrdə ekoloji tarazılığın qorunmasına göstərilən diqqətin vacibliyi gündəmə gətirilib. İcma nümayəndələrindən Əfqan Hüseynov (Beyləqan rayonu, Araz icması, İQ sədri), Əlizamin Abdullayev (Ağcabədi rayonu, Gələbədin icması, İQ sədri), Könül Hüseynova (Qaravəlli icması, İQ üzvü), Ceyran İbrahimova (Saatlı rayonu, Yeni Novruzlu icması, İQ sədri), Kazım Kazımov (Qırıqlı icması, İQ üzvü), Rövşən Əliyev (İmişli rayonu, Məmmədli icması, İQ üzvü) bu mühüm məsələ ilə bağlı fikirlərini çatdırıblar. T.Zeynalov seminar iştirakçılarının suallarını cavablandırıb, bu istiqamətdə hər kəsi diqqətli olmağa səsləyib. İştirakçılara "İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ekoloji Siyasətində Maarifləndirmə" seriyasından T.Zeynalovun müəllifi olduğu "Dünyada baş verən təbii fəlakətlər və onları törədən amillər","Kənd təsərrüfatının qlobal iqlim dəyişmələrinə uyğunlaşma zamanı milli səviyyədə icmalara və fərdi sahibkarlara tövsiyyələr", "Tullantıların növləri və təsnifatı","Bərk məişət tullantıları nədir? (Tullantıdan mənfəətə)"adlı kitabça və broşurlar paylanılıb. Konfransın qiymətləndirilməsi hissəsindən sonra G.Qənbərovanın yekun nitqi ilə tədbir işini başa vurub.

    Bölmələr: Press reziler