» Press reziler » "İcma Layihələrinin Dayanıqlığı" konfransı

 
 
 

"İcma Layihələrinin Dayanıqlığı" konfransı

Baxılıb: 636

  • Tarix: 20-01-2013, 14:03
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma layihələrinin dayanıqlığı" silsiləsindən növbəti konfransı 18 yanvar, 2013-cü il tarixdə Şimal zonasının İsmayıllı rayonunda təşkil olunub. Göyçay, Ağsu, Qəbələ, İsmayıllı rayonlarının 20-yə yaxın icmasından 70-dən çox nümayəndənin iştirak etdiyi tədbirin əsas məqsədi icma qurupları və həyata keçirilmiş layihələrin dayanıqlığının təmin olunması, effektiv İstismar Planının hazırlanması üzrə təcrübə mübadiləsinin aparılması, mövcud qüsurların aradan qaldırılması, gələcək perspektivlərin müəyyənləşdirilməsi idi. 20 yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsinin ardından AzKİL2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, İsmayıllı rayon İcra Hakimiyyətinin müavini Rövşən Ağayev, AzKİL2-nin İnformasiya və Əlaqələr üzrə mütəxəssisi Fərman Həsənov çıxış ediblər.

    Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimlinin "AzKİL2-nin əməkdaşlıq etdiyi icmalarda institutsional dayanıqlığın mənzərəsi" mövzusundakı təqdimatında dayanıqlıq anlayşı və onun vacibliyi haqqında məlumat verilib, 2009-2012-ci illlər ərzində 16 rayon (Şimal zonası-13, Düzən-Şirvan zonası-3) icmaları ilə qurulan əməkdaşlıq, həyata keçirilən layihələr, onların dayanıqlıq məsələləri gündəmə gətirilib. İcmalardakı mövcud vəziyyətin müqayisəsi, həyata keçirilən layihələr, icma qrupu, icma otağının hazırki durumunun əyani olaraq slaytlarla nümayiş olunduğu təqdimatda Yengiyan, Göyəm (Zaqatala rayonu) Ərəgit, Topçu, İstisu (İsmayıllı rayonu), Padar (Ağsu rayonu), Hənifə (Balakən rayonu) nümunəvi icmalar kimi təqdim olunub.

    Ağsu rayonu, Padar icmasının İQ üzvü Güllü Quliyevanın "Padar icmasında həyat keçirilən layihələrin dayanıqlığı və istismarı" mövzusunda təqdimatı dinlənilib.Təqdimatdan sonra plenar müzakirələrə yer verilib. Çatdırılan təqdimatların interaktiv müzakirə diskussiyasında konfrans iştirakçıları mülahizə və təklifləri ilə çıxış edib, təqdimatçılara onları maraqlandıran suallar ünvanlayıblar. Keçirilən konfrans qiymətləndirilməsinin ardından G.Qənbərovanın yekun nitqi ilə tədbirin işi yekunlaşıb.

    Bölmələr: Press reziler