» Press reziler » İkinci Kənd İnvestisiyaları Layihəsinin Ətraf Mühit Seminarları start aldı

 
 
 

İkinci Kənd İnvestisiyaları Layihəsinin Ətraf Mühit Seminarları start aldı

Baxılıb: 446

  • Tarix: 12-01-2013, 14:01
  • İcmaların davamlı inkişafı üçün təbii sistemlərin qorunub saxlanması, onların bütövlüyü və həyattəminedici funksiyalarının dəstəklənməsi, həyat keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlamlığı və regionların ekoloji təhlükəsizliyinin təmin edilməsi İkinci Kənd İnvestisiyaları Layihəsinin fəaliyyətində önəmli yer tutur. Regional infrastrukturun davamlı inkişafı sahəsində layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin göstəricisi olan Ətraf Mühit Seminarları növbəti işinə start verərək öz əhəmiyyətliliyini bir daha təsdiqləyib.

    İlki 11 yanvar, 2013-cü il tarixdə, Şimal-Qərb zonasının Bərdə şəhərində, əməkdaşlıq edilən 20-dən çox icmanın (Lək, Əmirli, Kələntərli, Köçərli, Qapanlı, Borsunlu, Qaradağlı, Tapqaraqoyunlu, Kirən, Alakol, Muğanlı və s. ) 80-ə yaxın nümayəndəsinin, yerli icra və bələdiyyə orqanları rəsmilərinin iştirakı ilə baş tutan "Ətraf Mühit" seminarının açılışında İkinci Kənd İnvestisiyaları Layihəsinin direktor müavini, Bacarıqların artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, AzKİL-2 Şimal-Qərb zonası üzrə Proqram mütəxəssisi Xudayar Gülmalıyevin çıxışları dinlənilib. Çıxışların özəyini icma layihələrinin həyata keçirilməsi prosesində ətraf mühitə zərər vura biləcək təsirlərdən qorunmaq məsələləri təşkil edib, bu sahədəki problemlərin həllinə yönəlmiş biliklərin mütəmadi olaraq artırılmasının vazkeçilməzliyi vurğulanıb.

    İkinci Kənd İnvestisiyaları Layihəsinin Ətraf Mühit üzrə məsləhətçisi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun "Qlobal iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri" mövzusundakı təqdimatı böyük maraqla qarşılanıb. T. Zeynalov son 50 il ərzində dünyada baş verən təbii fəlakətlər, onların statistikası və törətdiyi iqtisadi böhran, fəsad və təhlükədən, qlobal ekoloji problemlərdən (iqlim dəyışmələri, biomüxtəlfliyin azalması, səhralaşma, ozon qatının dağılması, torpaqların deqradasiyası) bəhs edib. 2012-ci ildə baş verən təbii fəlakətlər nəticəsində dünya iqtisadiyyatına 160 mlrd. dollar həcmində ziyan dəydiyini söyləyən ekoloq, otən il ölkəmizdə təbii fəlakətlərin sayının digər illərə nisbətən artdığını, nəticələri aradan qaldırmaq məqsədilə dövlət tərəfindən 690 milyon manat vəsaitin ayrıldığını diqqətə çatdırıb.

    Ekoloq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 oktyabr, 2004-cü il tarixdə dünya təcrübəsindən geniş yararlanmaq, ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə imzaladığı "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamla iştirakçıları tanış edib. Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasının zəruriləşdirdiyini söyləyən T. Zeynalov, hazırda bu istiqamətdə müsbət təcrübələrin mövcudluğunu bildirərək, dünyanın bir çox yerində günəş, külək, digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadənin ildən ilə genişləndiyini vurğulayıb. Təqdimatçı ölkəmizin əlverişli təbii şəraiti sayəsində kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malik olduğu nöqteyi-nəzərindən bundan tam istifadənin labüdlüyünü də açıqlayıb.

    Qlobal iqlim dəyişmələri mövzusunda filmin nümayişnin ardından icma səviyyəli Ətraf Mühit məsələlərinə dair müzakirələr və sual-cavab bölməsi yer alıb.

    Təqdimat ətrafındakı müzakirələrdə icma nümayəndələrindən Cahangir Məmmədov (Tər-tər rayonu, Köçərli icması), Təranə Xəlilova (Goranboy rayonu, Qaradaglı icması), Eyyub Həsənov (Aşagı Ballıqaya icmas), Aygül Tağıyeva, Nəsib Calalov (Bərdə rayonu, Əmirli icması), Pakizə Məmmədova (Tovuz rayonu, Alakol icması) daha fəal iştirak edərək bu qlobal məsələ ilə bağlı təklif və rəylərini çatdırıblar. T.Zeynalov seminar iştirakçılarının suallarını cavablandırıb, bu istiqamətdə hər kəsi duyarlı və həssas olmağa çağırıb. Tədbirdə iştirakçılara "İkinci Kənd İnvestisiyaları Layihəsinin Ekoloji Siyasətində Maarifləndirmə" seriyasından T.Zeynalovun müəllifi olduğu "Dünyada baş verən təbii fəlakətlər və onları törədən amillər","Kənd təsərrüfatının qlobal iqlim dəyişmələrinə uyğunlaşma zamanı milli səviyyədə icmalara və fərdi sahibkarlara tövsiyyələr", "Tullantıların növləri və təsnifatı","Bərk məişət tullantıları nədir? (Tullantıdan mənfəətə)"adlı kitabça və broşurlar paylanılıb.

    Konfransın qiymətləndirilməsi hissəsindən sonra G.Qənbərovanın yekun nitqi ilə tədbir işini başa vurub.

    Bölmələr: Press reziler