» Press reziler » IV Zonalararsı Qarşılıqlı Görüşlər Sessiyası

 
 
 

IV Zonalararsı Qarşılıqlı Görüşlər Sessiyası

Baxılıb: 510

  • Tarix: 15-06-2010, 13:53
  • Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi "Azərbaycan Kənd İnvestisiya Layihəsi" çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi fəaliyyətini icmaların bacarıqlarının artırılması, mənimsənilməsi, biliklərin yayılması, qazanılmış təcrübələrin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı yararlanma kimi önəmli məqsədlər əsasında qurur. Qarşıdakı məqsədlərinə nail olmaqla icma şəbəkəsini genişləndirməyi hədəfləyən IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 06 - 14 iyun tarixlərində növbəti işini Quba - İsmayıllı - Şamaxı - Bərdə - Goranboy - Göygöl - Gədəbəy - Tovuz - Gəncə - Naxçıvan xəttində uğurla icra etdi. Burada yaranan dialoqlar, qurulan işgüzar əlaqələr icma layihəsinin uğurla həyata keçirilməsində, icma üzvlərində özünəinam, güvən hissinin daha da yüksəlməsində güclü stimul rolu oynayır.

    Sessiyanın açılış seminarı Quba şəhərində keçirildi. Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Ramiz Mirzəyev iştirakçıları salamladıqdan sonra son illər Qubada aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan AzKİL-lə qurulan əməkdaşlıqdan danışdı, icrada olan layihələrdən bəhs edərək sessiyanın işinə uğurlar arzuladı. İştirakçıları salamlayaraq çıxışına başlayan AzKİL-in direktoru Sübhan Əsgərov regionların inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, infrastruktur xidmətlərindən istifadəni yaxşılaşdırmağa yönələn dövlət proqramları arasında AzKİL-in xüsusi mövqeyindən, icma şəbəkələşməsi çərçivəsində görülən işlərdən, qazanılmış nailiyyətlərdən söhbət açdı. Təqdimat Seminarının qonaqlarından Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elşad Almuradov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Tağıyev AzKİL ilə çalışmaqdan böyük qürur və şərəf duyduqlarını vurğulayaraq bu əməkdaşlıqdan icmaların cox dəyərlər qazanacaqlarını dilə gətirdilər. AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova Layihənin İlkin və Əlavə Maliyyələşdirmə dövrlərindəki fəaliyyətindən, təqdirəlayiq xidmətlərindən, həyata keçirilən uğurlu layihələrdən söhbət açaraq IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının işinə nailiyyətlər dilədi və seminarın sonrakı bölümü-"İcma Şəbəkələşməsi"nə keçid alaraq bu proqramın bacarıqla gerçəkləşdirilməsini vacib amil olaraq dəyərləndirdi. Layihə Zonalarının Təqdimatında Proqram mütəxəssisləri Fəridə Eminova (Şimal-Qərb RƏO), Akif Kərimli (Şimal RƏO), Əbülfət Əhmədov (Naxçıvan RƏO) və LKH rəhbəri Kəmalə Ağayeva AzKİL-in fəaliyyət göstərdiyi zonalarda icra olunmuş layihə və icmalarda həyata keçirilmiş səfərbərlik prosesləri və təlimlər ilə bağlı geniş məlumat verdilər.

    Daha sonra "AzKİL fəaliyyət zonalarını genişləndirir" bölümündə "Uğurlu icma layihələri" mövzusu ətrafında sessiya iştirakçılarının icmalardakı uğurlu layihələrlə daha ətraflı tanış olmaları üçün üç paralel qrupda təqdimatlar aparıldı.

    I qrupda Tovuz rayonu, Alplı icmasından Mübariz Mehralıyevin (İLK lideri) "Layihənin hazırlanmasında icmanın rolu", Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSIF) İcma Səfərbərliyi uzrə Regional məsləhətçisi Solmaz Zeynətdinovanın "Kimyaçılar- 3 icmasının icma mərkəzinin yenidən qurulması layihəsi" mövzularındakı təqdimatları və çatdırılan təqdimatların xülasəsi maraqla qarşılandı. II qrupda İsmayıllı rayonu Mollaisaqlı icmasından Həşim Həşimov "Layihələrin istismarı zamanı dayanıqlığın təşkili" mövzususnda çıxış etdikdən sonra qrup təqdimatının xülasəsi dinlənildi."Uğurlu icma layihələri" mövzusu digər - III qrupda da təqdimatlarla əks olundu. Naxçıvan MR, Şərur rayonu, Danyeri icmasından Elxan Alməmmədov "İcma layihələrinin dayanıqlığının təşkili" və Aqro İnformasiya Mərkəzinin (AİM) təlimatçısı İsa Zeynalov "AİM haqqında məlumat və fermer təsərrüfatının inkişafı" movzuları ilə çıxış etdikdən sonra sonuncu qrup təqdimatlarının xülasəsi də sessiyaya çatdırıldı. Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının Proqramının bəyanından, qiymətləndirmə və yekunundan sonra tədbirin fəaliyyəti icmalarda çarpaz görüşlər və sahə səfərləri ilə davam etdi. Sessiya iştirakçıları təcrübə mübadiləsi aparmaq, həyata keçirilmiş icma layihələri ilə tanış olmaq və öyrənilmiş dərslərə yiyələnmək üçün Qarşılıqlı Görüşlərin ilk ünvanı- Şimal zonasının Rustov, Hacıhüseynli (Quba) və Quxuroba (Qusar) icmalarına yollandılar."İcma inkişafında iştiraklılıq", "Problemlərin həllində alternativ seçim", "Layihələrin icrası və istismarı zamanı monitorinq işinin təşkili", sonrakı istiqamət olan Mollaisaqlı, İsmayıllıkənd, Qalaçıq (İsmayıllı) icmalarında "Sosial iştirakın əhəmiyyəti", "Layihə dayanıqlılığı","Texniki icra zamanı qarşıya çıxan problemlər və onların həll yolları", daha sonra isə üz tutulan Şimal-Qərb zonasının Mollalı, Qazaxlar (Bərdə), Qurbanzadə (Goranboy) icmalarında "Ətraf mühit", "Cender iştirakı", "İcma töhfəsi", Kirən (Tovuz), Samanlıq (Gədəbəy), Şəhriyar (Göygöl) icmalarında "Dayanıqlıq fondunun davamlılığı", "Dizayn və texniki icra məsələləri", "İcma layihələrinin iqtisadi analizi" mövzuları ətrafında interaktiv frekans altında müzakirə, sual-cavab diskussiyaları keçirildi, ardından sahə səfərlərində həyata keçirilmış və icra mərhələsində olan layihələrlə tanışlıq oldu. Bu müddət ərzində iştirakçılar Qubada Soyqırım abidəsi, Gəncədə İmamzadə türbəsi, Nizami məqbərəsi, Bərdədə Nüşabə qalası, Torpaq qala, İsmayıllıda H.Əliyev muzeyi və parkı,Yapon parkında oldular, bu gəzinti və ekskursiya səfərlərindən zəngin təəssürat qazandılar.

    Sonra Sessiya işini Naxçıvan MR-da davam etdirdi. İştirakçılar Camaldin (Culfa rayonu), Gənzə (Ordubad rayonu), Yuxarı Yaycı (Şərur rayonu) icmalarında "Strateji planlaşdırma", "İcma təlimləri", "İcma layihələrində gənclərin rolu" mövzuları ətrafında baş tutan müzakirələrdə yaxından iştirak etdilər, icma fəalları ilə mövcud problemlər ətrafında fikir mübadiləsi apardılar, mühəndislik işləri, podratçı təşkilatın seçimi və layihə icrasının monitorinqi, icma töhfələrinin toplanmasına və s. məsələlərə aid suallara cavab aldılar, icma layihələrinin durumu ilə əyani surətdə tanış oldular,daha sonra qədim diyarın tarixi yerlərini-Möminə Xatun məqbərəsini, Nuh Peyğəmbərin məzarlığını, müqəddəs "ƏSHABİ-KƏHF"i ziyarət etdilər, ümummilli liderimiz Heydər Əliyev muzeyi ilə tanış oldular.

    Çarpaz görüş tədbirlərindən sonrakı istirahət saatlarında sessiya iştirakçıları müsafir qaldıqları rayonların tarixi və görməli yerlərini gəzdilər, qonaqladıqları icmalarda kəndin tarixi, yerli adət-ənənə, süfrə mədəniyyəti və mətbəxi ilə yaxından tanış oldular, sakinlər, eləcə də gecələdikləri evlərin sahibləri tərəfindən böyük qonaqpərvərlik və dərin hörmətlə qarşılandılar.

    Sessiyanın Yekun seminarı işinə başlamadan öncə iştirakçılar Ulu Öndər Heydər Əliyev muzeyinin qarşısındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərin xatirəsinə ehtiramlarını izhar etdilər. Ardından start alan Yekun Seminarında Naxçıvan Aqrobiznes MMC-nin direktoru Xəlil Əliyev iştirakçıları salamladıqdan sonra regionda qazanılmış uğurların əsasını icmaların yerli icra orqanları və bələdiyələlərlə sıx əməkdaşlığının təşkil etdiyini vurğuladı, AzKİL-in İlkin mərhələdə 104 icma layihəsinin gerçəkləşdirdiyini qeyd edərək, hazırda 22 icmada texniki icrada olan layihələr haqqında məlumat verdi. Sonra AzKİL-in direktoru Sübhan Əsgərov, Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun Rəhbəri görəvinə yeni təhkim olunmuş Daniel Ouen, öncəki rəhbər Satoşi İşihara, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova, Dünya Bankının mühəndisi Orlin Dikov, Naxçıvan MR Ali Məclisinin səlahiyyətli nümayəndəsi Yusif Seyidov çıxış etdilər. İcmalarda Qarşılıqlı Görüşlər Xülasələrinin Baş Təlimçi Tünzalə Hacıyeva, monitorinq/icma inkişafı mütəxəssisləri Əşrəf Nəsirov (Şimal-Qərb RƏO), Yəməntaç Əmirova (Naxçıvan RƏO), AzKİL LİQ, İcma İnkişafı üzrə asistent Fərman Həsənov tərəfindən dinlənilməsinin ardından IV ZQGS-nın gedişatını dolğun şəkildə əks etdirən, hər kəs tərəfindən böyük maraqla qarşılanan slayd-şov təqdim olundu. Göstərini "Biz nə gördük, nə öyrəndik, nə tövsiyyə etdik?" başlığı altında zona nümayəndələrinin təmsil olunduğu qrup işləri izlədi.Və daha sonra tədbirdə qruplar tərəfindən hazırlanmış təqdimatların sessiyaya çatdırılması bölümü yer tutdu.Yekun bölümündə AzKİL-in direktoru Sübhan Əsgərov IV ZQGS marafonunun uğurla keçməsində bütün iştirakçıların, AzKİL əməkdaş və tərəfdaşlarının böyük zəhmətini dilə gətirdi, dəstək və qonaqpərvərlik üçün icra strukturlarına minnətdarlığını bildirdi, fərqlənən bir qrup təqdimatçı və qonağa AzKİL-i simvolizə edən xatirə hədiyyələri təqdim etdi.

    AzKİL icma şəbəkəsinin fəaliyyəti olan IV ZQGS qazanılmış təcrübə və uğurlar, çətinliklər, öyrənilmiş dərslər haqqında məlumat əldə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaqda icmalara yardım etmək məramını bu dəfə də layiqincə gerçəkləşdirməyə nail oldu və səkkiz günlük məsuliyyətli işinə yekun vurdu.

    Bölmələr: Press reziler