» Press reziler » İcma Səfərəbərliyi üzrə seminar

 
 
 

İcma Səfərəbərliyi üzrə seminar

Baxılıb: 634

  • Tarix: 19-03-2010, 13:52
  • Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə Məcburi köçkünlərin Sosial İnkişaf Fondunun birgə təşkil etdiyi İcma səfərbərliyinə həsr olunmuş Seminar 17-18 mart, 2010-ci il tarixləri əhatəsində keçirildi. Məqsədi İcma səfərbərliyi üzrə təcrübə, öyrənilmiş dərslərin bölüşdürülməsi, icma yönümlü inkişafın ən mükəmməl təcrübələri və səmərəli üsullarının təbliği olan mərasim ilk iş gününə Bakıda - MkSİF-in ofisində başladı. Tədbirdə Dünya Bankını nümayəndələri, hər iki tərəfin rəhbər heyəti və əməkdaşları bir araya gəldilər."İcma inkişafı təşəbbüsləri" movzusu çərçivəsində işinə başlayan seminarı çıxış nitqləri ilə Dünya Bankının MkSİF üzrə Tapşırıq qrupunun rəhbəri Coanna de Berri, AzKİL üzrə Tapşırıq qrupunun rəhbəri Satoşi İşihara, Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu Dayanıqlı İnkişaf şöbəsinin sosial inkişaf üzrə baş iqtisadçısı Keis MakLin, MkSİF-in direktor müavini Dövlətxan Dövlətxanov, AzKİL-in direktoru Sübhan Əsgərov açaraq, icma səfərbərliyi sferasında qazanılmış təcrübə və mənimsənilmiş dərslərin tərəfdaşlar arasında bölüşdürülməsinin, icma inkişafı sahəsindəki ən yaxşı metod və üsulların mütəmadi olaraq təbliğinin, ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada geniş vüsət alan icma hərəkatının düzgün formalaşması, onun inkişafı və davamlılığının təmini istiqamətində yürudulən missiyaya ən layiqli töhfə olaraq qiymətləndirdilər və bu mündəricəli tədbirlərin davamını arzulayaraq seminara işində nailiyyət dilədilər. Açılış nitqlərindən sonra AzKİL haqqında geniş təəssürat oyadan, həyata keçirilən işləri xronoloji olaraq əks etdirən film iştirakçılar tərəfindən maraqla izlənildi. AzKİL və MkSİF-in fəaliyyətlərini əhatə edən sual-cavablar sessiyalarının ardından MkSİF-in direktoru Dövlətxan Dövlətxanovun təqdimatı dinlənildi. AzKİL-in Bacarıqların Artırılması Komponenti çərçivəsində "İnvestisiya üçün səfərbərlik, yoxsa səfərbərlik üçün investisiya?" başlığı altında AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Səfərbərlik Komandasının rəhbəri Kəmalə Ağayeva, baş təlimçi Tünzalə Hacıyeva, icma lideri Tofiq Həsrətovun ( Düzən-Şirvan zonası, Göyçay rayonu, Tofiqi icması) etdiyi birgə təqdimatın müzakirəsindən sonra seminarın işini MkSİF - in "İcma səfərbərliyinin uğurları" bölümü davam etdirdi. İcma səfərbərliyi üzrə mütəxəssis Şəlalə Səttarova, İcma səfərbərliyi üzrə Regional məsləhətçilər Solmaz Zeynətdinova, Elxan İsmayılov, Pənah Zamanovun təqdimatları dinlənildi və müzakirə olundu. "AzKİL İcma şəbəkəsi-mümkün əməkdaşlıq yolları" mövzusunda G.Qənbərovanın çatdırdığı təqdimat seminarın ən diqqətçəkən məqamlarından olaraq iştirakçıların təqdirini aldı.Təqdimatı qrup işi şəklində "Seminarin nəticələri və gözlənilən təsir" hissəsi izlədi. Tərəflərin yaxından tanışlığı və informasiya mübadiləsi, icma şəbəkəsinin genişləndirilməsi, icmaların yeni donorlara çıxışına dəstək, investisiyadan səmərəli istifadə, layihələrarası əməkdaşlıq, öyrənilmiş dərslərin bölüşdürülməsi, mətbuata birgə çıxış və s. önəmli xüsuslar vurğulandı, koordinasiya şurasının yaradılması, hər iki tərəf liderləri arasında təcrübə mübadiləsinin gücləndirilməsi, informasiya davamlılığının sabitləşdirilməsi, qarşılaşılan çətinliklərin birgə həlli kimi rəy və təkliflər irəli sürüldü. Qrup işinin yekunlaşdırılmasından sonra "İcma səfərbərliyi üzrə seminar" tərəfdaşlar arsında icma inkişafı sahəsində təcrübə və öyrənilmiş dərslərin bölüşdürülməsi, geniş əməkdaşlıq perspektivləri, spesifiklik nəzərə alınmaqla müştərək layihələr həyata keçirmək baxımından yarar gətirəcəyini təsdiqləmiş oldu və bu günlük işinə yekun vurdu.

    İcma səfərbərliyi üzrə seminar, işini ertəsi gün - 18 mart tarixində "Sahə səfərləri"ndə davam etdirdi. Tədbir iştirakçıları MkSİF-in Qobustan rayonu Xilmilli, AzKİL-in Şamaxı rayonunun Çarhan icmalarında həyata keçirdikləri "Yolun bərpası" layihələrini əyani surətdə görmək üçün sahə səfərlərinə yollandılar. Hər iki icmanın kənd tarixçəsi, strateji planlaşdırma, sxematik və sosioloji xəritələri, problem ardıçıllığını əks etdirən pannolarıyla yaxından tanışlıq, sakinlər ilə görüşlər oldu, icma liderləri Yaşar Dəmirov (Çarhan icması), Lətif Həsənovun (Xilmilli icması) çıxışları dinlənildi, müzakirələr, diskussiyalar keçirildi. Seminar iştirakçıları hər iki icmada səfərbərlikdən təlimlərə qədər olan proseslərlərin səviyyəsini, hal-hazırda həyata keçirilməkdə olan icma layihələrinin gedişatını, qarşılaşılan çətinliklər, öyrənilmiş dərslərin təfsilatını icma sakinlərinin öz dilindən eşitdilər, günün sonunda texniki icraya yerlərdə baxış keçirdilər. İki güclü tərəfdaş - Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə Məcburi köçkünlərin Sosial İnkişaf Fondu arasında sayca üçüncü olan bu qarşılıqlı görüş -"İcma səfərbərliyi üzrə Seminar" sahə səfərlərindən ibarət ikinci iş gününü də başa çatdıraraq qarşıya qoyduğu məramına müvəffəqiyyətlə nail oldu.

    Bölmələr: Press reziler