» Press reziler » Bacarıqların Artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

Baxılıb: 622

  • Tarix: 4-02-2010, 13:46
  • Əməkdaşlıq etdiyi icmaların şəbəkəsini genişləndirmək "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin önəmli fəaliyyət istiqamətlərindəndir. İşini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin yaradılması, qarşılıqlı yararlanma zəminində quran icma şəbəkəsinin tərkibində əhəmiyyətli yer tutan Bacarıqların artırılması üzrə Regional Konfranslar il ərzində bir dəfə hər layihə zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən və icmalar üçün keçirilir. AzKİL ilə əməkdaşlıq edən icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək konfrans iştirakçıları ilə bölüşür, bu sahədə bilik və bacarıqlarını artırırlar.

    22, 28 yanvar və 03 fevral 2010-cu il tarixlərdə Şimal (Şamaxı), Şimal-Qərb (Gəncə), Naxçıvan MR-da AzKİL Layihə İdarəetmə Qrupunun Köməkçi Heyəti Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi. Silsilə tədbirlərinə AzKİL-in maliyyələşdirdiyi bu iqtisadi zonalardan 40-a yaxın icmanın 150-dən çox nümayəndəsi qatıldı. Konfrans açılışlarında AzKİL-in direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şamaxı rayon icra hakimiyyətinin nümayəndəsi Sərdar Ömərov, Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı üzrə ərazi kənd təsərrüfatı idarəsinin rəhbəri Nadir Qədirov, Naxçıvan Regional Məsləhət Mərkəzinin direktoru Xəlil Əliyev, AzKİL LİQ baş mühəndisi İlham Manaflı, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva, Proqram mütəxəssisləri Akif Kərimli (Şimal), Fəridə Eminova (Şimal-Qərb), Əbülfət Əhmədov (Naxçıvan MR), icma inkişafı / monitorinq işçisi Yəməntac Əmirova (Naxçıvan RƏO) çıxış etdilər, icma inkişafında biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Açılış nitqlərinin ardından nümayiş etdirilən film icma inkişafının geniş vüsət aldığı dövrdə hökumətin Azərbaycan xalqına diqqətinin təzahürü olan AzKİL-in, Respublika Prezidenti Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı haqda verdiyi məlum fərmana müvafiq olaraq uyğun, üzvi şəkildə, layiqincə həyata keçirilməsini əks etdirirdi.

    Maraqla izlənilən filmdən sonra konfrans iştirakçılarının icmalarda həyata keçirilən layihələrlə, texniki icra zamanı əldə edilmış təcrübə və öyrənilmiş dərslərlə daha yaxından tanış olmaları üçün paralel qruplar halında sessiyalar təşkil olundu. Quşçu (Şamaxı rayonu) İLK sədri Məmməd Sadıqov "Icma layihəsinin istismarı və dayanıqlığı ", Bico (Ağsu) İLK sədri Yaşar Qarayev "Icma səfərbərliyində uğurlar", Samanlıq (Gədəbəy rayonu) İLK sədri Zəfər Zeynalov "Layihənin icrasında icma iştirakı", Kirən (Tovuz rayonu) İLK sədri Ramiz Hüseynov " Layihənin dayanıqlığı", Aşağı Daşarx (Şərur rayonu) İLK sədri Kamil Həsənov "İcma layihələrinin icrası zamanı ətraf mühit məsələləri", Danyeri (Şərur rayonu) İLK sədri Elxan Alməmmədov "İcma layihələrində dayanıqlığın təmin edilməsi" mövzularında təqdimatlarını konfrans iştirakçılarının nəzərinə çatdırdılar. Konfrans iştirakçıları qrup təqdimatlarından sonra çıxışlar ətrafında müzakirələr apardılar, bu müzakirələrin nəticələrini icmaların gələcək fəaliyyətində tətbiq etmək üçün tövsiyyələr hazırladılar, icmalardakı uğur və uğursuzluqlardan bəhs edərək öyrənilmiş dərslər haqqında geniş söhbət açıb təqdimatçılara onları maraqlandıran suallar ünvanlayaraq qanedeici cavablar aldılar.

    Qrup işlərinin nəticələri barəsində fasilitatorlar iştirakçılara ətraflı məlumat verdilər. Həyata keçirilən layihənin dayanıqlığı və istismarının düzgün təşkili, nəzarət edilməsində icma və bələdiyyə üzvləri, icra nümayəndəliyindən ibarət komissiya yaradılması, icma töhfəsinin yığılmasında şəffaflığın artırılması və bu sahədə bütün təbliğat vasitələrindən istifadənin vacibliyi, qadınların icma fəaliyyətinə daha yaxından cəlbinin böyük səmərə verdiyi bildirildi. Sosial qrupların icma işinin bütün mərhələlərində fəal iştirakına nail olmaq, ağsaqqal və nüfuzlu insanların dəstəyindən yararlanmaq, problemlərin həllində gənc nəslin nümayəndələrinə xüsusi imkan yaratmaq, texniki təhlükəsizliyə, ətraf mühitin qorunmasına diqqət yetirmək və bu kimi məsələlərin zəruriliyi də özəlliklə qeyd edildi. Konfranslarda hər üç iqtisadi zonadan (Muğan-Salyan, Düzən-Şirvan, Naxçıvan MR) dəvət olunmuş fəxri qonaqların - Oqtay Xəlilov (Göyçay rayonu, İncə icması), Etibar Əcəmov (Biləsuvar rayonu,Yuxarı Ağalı icması), Əhliman Teymurov (Saatlı rayonu, Kamallı icması), Əbülfət Əhmədov (Ağdaş rayonu, Hüşün icması), Yeganə Məmmədova (Şərur rayonu, Aşağı Yaycı icması), Çöhrə Ələsgərovanın (Ordubad rayonu, Gəncə icması) çıxışları isə tədbirin ən diqqət çəkən məqamlarından oldu. Diplom, sertifikat, xatirə hədiyyələrinin təqdimatı və konfransın qiymətləndirilməsi bölümündən sonra AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən olan növbəti toplantını yekun nitqi ilə başa çatdırdı.

    Bölmələr: Press reziler