» Press reziler » Gəncədə Ətraf Mühit seminarı

 
 
 

Gəncədə Ətraf Mühit seminarı

Baxılıb: 610

  • Tarix: 16-09-2009, 13:01
  • İcmaların davamlı inkişafı üçün təbii sistemlərin qorunub saxlanması, onların bütövlüyü və həyattəminedici funksiyalarının dəstəklənməsi, həyat keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlamlığı və regionların ekoloji təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində önəmli yer tutmaqdadır. Regional infrastrukturun davamlı inkişafı sahəsində prioritet layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin göstəricisi olan və yaxında keçirilən ətraf mühit seminarları öz əhəmiyyətliliyini burada bir daha təsdiq etdi.

    İlki Şimal - Qərb zonasının Gəncə şəhərində, əməkdaşlıq edilən icmaların, yerli icra və bələdiyyə orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmə, QHT nümayəndələrinin iştirakı ilə baş tutan İcma layihələrinin ətraf mühitə təsiri seminarının açılışında Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, Bacarıqların artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəsi Əlikram Qurbanov, Regional Dayanıqlı İnkişaf Proqramının sədri, kənd təsərrüfatı elmləri doktoru İrşad Abbasov, ADRA QHT-nın Proqram direktoru Əhməd Əliyev, zona üzrə Proqram mütəxəssisi Fəridə Eminova çıxışlarında respublikamızda ekologiya sahəsində yürüdülən, ətraf mühitin qorunmasına, təbii sərvətlərdən rasional istifadəyə yönəlmiş vahid siyasəti formalaşdırmaq və ardıcıl olaraq gerçəkləşdirməyin mütləqliyindən bəhs edərək, icma layihələrinin həyata keçirilməsi prosesində ətraf mühitə zərər vura biləcək təsirlərdən qorunmağın, bu sahədəki problemlərin həllinə yönəlmiş biliklərin mütəmadi olaraq artırılmasının vazkeçilməzliyini vurğuladılar. AzKİL-in Ətraf Mühit üzrə məsləhətçisi Telman Zeynalov böyük maraqla qarşılanan Qlobal iqlim dəyişiklikləri və təbii fəlakətlər, Dünyanın torpaq resursları, Meşə ərazilərinin azalma səbəbləri, Atmosferin çirklənmə vəziyyəti, deqradasiya olunmuş torpaqların miqdarı və onları törədən amillər məsələlərini əhatə edən təqdimatından sonra seminar iştirakçılarının suallarını cavablandırdı, bu istiqamətdə hər kəsi duyarlı və həssas olmağa çağırdı.

    Təqdimatlar hissəsini Bərdə rayonunun Muğanlı icmasının lideri Rafiq Əliyev davam etdirərək icma haqqında ümumi məlumat verib Yolun bərpası layihəsinin icra prosesində ətraf mühitin qorunması yönündə həyata keçirilən tədbirlər barəsində danışdı, əhalinin sağlamlığının sosial və ekoloji rifahla qırılmaz vəhdət təşkil etdiyini qeyd etdi. Təqdimatların geniş müzakirəsindən sonra AzKİL-in əməkdaşı Əşrəf Nəsirovun Ətraf mühit üzrə ən yaxşı təcrübələr və öyrənilmiş dərslər mövzusundakı çıxışı icma layihələrinin icrasına yeni başlayan icmalarla əldə edilmiş uğurları müzakirə etmək, öyrənilmiş dərsləri onlarla bölüşmək məqsədi daşıyırdı. Diqqət cəlb edən çıxışı seminarın yekunlaşdırılması izlədi və AzKİL-in icma layihələrinin ətraf mühitə, eləcə də təbii mühitin icma layihələrinə təsirinə həsr olunmuş növbəti seminarı işini başa çatdırdı.

    Bölmələr: Press reziler