» Press reziler » Bacarıqların Artırılması üzrə növbəti Regional Konfrans

 
 
 

Bacarıqların Artırılması üzrə növbəti Regional Konfrans

Baxılıb: 655

  • Tarix: 20-06-2008, 03:38
  • Bacarıqların Artırılması üzrə növbəti Regional Konfrans
    20-06-2008


    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya layihəsinin (AzKİL) fəaliyyət istiqamətlərindən biri əməkdaşlıq etdiyi icmaların şəbəkəsini yaratmaqdır. İşini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin yaradılması, qarşılıqlı yararlanma zəminində quran icma şəbəkəsinin tərkibində əhəmiyyətli yer tutan Bacarıqların artırılması üzrə Regional Konfranslar ildə bir dəfə hər bir layihə zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən və icmalar üçün keçirilir. AzKİL ilə əməkdaşlıq edən icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiylar vasitəsi ilə gündəmə gətirərək konfrans iştirakçıları ilə bölüşür, bu sahədə bilik və bacarıqlarını artırırlar. Layihənin Xidmət Təchizatçıları bu konfransların keçirilməsində yaxından iştirak edir, xüsusi təşkilatçılıq nümayiş etdirirlər.19 iyun 2008-ci il tarixdə Muğan-Salyan zonasının İmişli rayonunda AzKİL Layihə İdarəetmə Qrupunun Köməkçi Heyəti Bacarıqların artırılması üzrə Üçüncü Regional Konfrans təşkil etdi. Tədbirə Muğan-Salyan və Düzən Şirvan zonalarından AzKİL-in maliyyələşdirdiyi 50-yə yaxın icmanın 135 nümayəndəsi qatıldı. Konfransda AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova, LKH-nin rəhbəri Fuad Salmanov, Baş səfərbərçi Aidə Babayeva, Proqram mütəxəssisləri Fəridə Eminova (Muğan-Salyan), Kəmalə Ağayeva (Düzən-Şirvan), Baş təlimçi Tünzalə Hacıyeva çıxış etdilər, İcma İnkişafında biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Konfrans iştirakçılarının icmalarda həyata keçirilən layihələrlə, icra zamanı əldə edilmiş təcrübə və öyrənilmiş dərslərlə daha yaxından tanış olmaları üçün ilk iki paralel qruplarda sessiyalar təşkil olundu.
    I qrupda Biləsuvar rayonu, Yuxarı Ağalı icmasından Etibar Əcəmov Layihənin istismarı, dayanıqlılığı və ətraf mühitə təsiri, II qrupda İmişli rayonu, Qaradonlu icmasından Valeh İsmayılov İcma mühəndisliyi mövzularında təqdimatlarını konfrans iştirakçılarının nəzərinə çatdırdı.

    İkinci iki paralel qrup isə sessiyaları İcma səfərbərliyində uğurlar, güclü və zəif tərəflər (təqdimatçı Xanmusa Məmmədov - Ağdaş rayonu, Ərəb icması) və İcma layihələrində sosial iştirak (təqdimatçı Şakir İbrahimov Göyçay rayonu, Məlikkənd icması) məsələlərini əks etdirən çıxışlar əhatəsində keçirdi. Konfrans iştirakçıları qrup təqdimatlarında həyata keçirilən Tibb məntəqəsinin tikintisi (Biləsuvar, Yuxarı Ağalı icması), Yolun bərpası (İmişli, Qaradonlu icması), Tibb məntəqəsinin tikintisi (Ağdaş, Ərəb icması), İçməli su təminatı (Göyçay, Məlikkənd icması) icma layihələri ilə ətraflı tanış olduqdan sonra çıxışlar ətrafında müzakirələr apardılar, bu müzakirələrin nəticələrini icmaların gələcək fəaliyyətində tədbiq etmək üçün tövsiyyələr hazırladılar, icmalardakı uğur və uğursuzluqlardan bəhs edərək öyrənilmiş dərslər haqqında geniş söhbət açdılar, təqdimatçılara onları maraqlandıran suallar ünvanlayaraq qaneedici cavablar aldılar. Qrup işlərinin nəticələri haqqında fasilitatorlar iştirakçılara məlumat verdilər. Həyata keçirilən layihənin dayanıqlığı və istismarının düzgün təşkil edilməsi, bu sahədə icma və bələdiyyə üzvləri, icra nümayəndəliyindən ibarət komissiya yaradılması, icma töhfəsinin yığılmasında şəffaflığın artırılması və bu sahədə bütün təbliğat vasitələrindən istifadənin vacibliyi, qadınların icma fəaliyyətinə cəlbinin böyük səmərə verdiyi bildirildi. Sosial qrupların icma işinin bütün mərhələlərində yaxından iştirakına nail olmaq, ağsaqqal və nüfuzlu insanların dəstəyindən yararlanmaq, problemlərin həllində gənc nəslin nümayəndələrinə imkan yaratmaq və bu kimi məsələlərin zəruriliyi də xüsusi olaraq qeyd edildi.

    Daha sonra yekun nəticələrin müzakirəsi keçirlildi. Konfransın sonunda AzKİL-in Direktor Müavini G. Qənbərova Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən olan növbəti toplantını yekun nitqi ilə başa çatdırdı.

    Bölmələr: Press reziler