» Press reziler » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Muğan Salyan zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Muğan Salyan zonası)

Baxılıb: 587

  • Tarix: 12-03-2014, 12:45
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi "İcma layihələrində gender iştirakı" mövzusundakı digər regional konfransını 11 mart, 2014-cü il tarixdə Muğan Salyan zonasının Masallı rayonunda təşkil etdi. Neftçala, Masallı, Lənkəran rayonlarının 40-dan çox icmasının (Abasalı, Pirəbbə, Dördlər, Güllütəpə, Türkoba, Ətcələr, Çaxırlı, Zövlə, Tatyanoba, Tatoba, Sinovli və s.) 100-ə yaxın nümayəndəsi, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər. Açılışda Masallı rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Gülşən Xəlilova, Dünya Bankının sosial-inkişaf üzrə mütəxəssisi Michel Rebosio, AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova çıxış etdilər. Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova bölgədə həyata keçirilən icma layihələrində gender bərabərliyinin hər zaman ön planda müşahidə olunduğunu bildirdi, qadın əməyinin fayda və bəhrələrindən, icma inkişafı sferasında qazanılan uğurlarda gender iştirakının müstəsna rolundan söhbət açdı.

    İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyevanın Qadınların ictimai həyatda rolu mövzusunda çıxışı dinlənildi. Birliyin əsas fəaliyyət istiqamətinin qızların və qadınların maarifləndirilməsi, onların sosial-iqtisadi inkişafına töhfə vermək olduğunu bildirən təqdimatçı indiyə qədər bu sferada 100-ə qədər layihənin reallaşdırıldığını, müxtəlif mövzularda (erkən nikah, sağlamlıq maarifi və s.) maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı. AzKİL2 Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva "AzKİL-də Lider qadınları rolu" mövzusunda təqdimat etdi. Əməkdaşlıq edilən zonaların 50-yə yaxın qadın liderindən bəhs olunan təqdimat qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi. Burada iştiraklılıq, icma qrupunun gücləndirilməsi, informasiya yayımı, təlim və bacarıqların artırılması, qonşu icmalardakı qadınlarla əməkdaşlıq, icma yönümlü mərasimlərin yüksək səviyyədə təşkilindən bəhs olundu.

    Qadın və kişilərdən ibarət iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri keçirildi. İnsanlar-qadınlar və kişilər tərəfindən idarə olunan cəmiyyətin kiçik modeli olan icmada qadınların rolunun əvəzsizliyi əsas xüsus kimi vurğulandı. İcmada birbaşa qadın əməyi sərf olunan, aparıcı əməyin qadınlar tərəfindən icra olunduğu layihələrlə yanaşı, kişi əməyinin üstünlük təşkil etdiyi icma layihələrində də qadınların heç də geri qalmadığı açıqlandı. Qrup işlərinin plenar təqdimatlarında Aygün Rzayeva (Masallı rayonu, Türkoba İQ üzvü), Mədinə Hüseynova (Xil İQ üzvü) Şərqiyyə Hidayətova (Miyankü İQ sədrinin müavini), Məmmədəli Əlinağıyev (Güllütəpə bələdiyyə sədr) və Vahid Cəlilov (Çaxırlı bələdiyyə sədri) çıxış etdilər. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfrans G.Qənbərovanın yekun nitqi ilə sona çatdı.

    Bölmələr: Press reziler