» Press reziler » Bacarıqların Artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

Baxılıb: 750

  • Tarix: 1-05-2013, 14:29
  • Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən keçirilən ilk tədbir öz işinə 30 aprel, 2013-cü il tarixdə Muğan-Salyan zonasının Sabirabad şəhərində start verdi.15- dən cox icmanın 50-yə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirin aşılışında AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova çıxış etdilər. AzKİL2-nin fəaliyyətini əks etdirən filmin nümayişinin ardından tədbir iştirakçılarının icmalarda gerçəkləşdirilən layihələr, texniki icra mərhələsi zamanı mənimsənilmiş təcrübə və öyrənilmiş dərslərə bələd olmalarını hədəfləyən və paralel qruplar halında keçirilən sessiyalar işinə başladı.

    Qrup sessiyalarında Asif Məhərrəmov (Beyləqan rayonu, Mayak icması, İQ sədri) "İcma inkişafı və ətraf mühit" və Faiq Mehdiyevin (Beyləqan rayonu, Əlinəzərli icması, İQ sədri) "Icma töhfəsinin yığılması" mövzularındakı təqdimatları konfrans iştirakçılarının nəzərinə çatdırıldı.

    1325 nəfər əhalinin yaşadığı Mayak icmasını konfransa tanıdan A.Məhərrəmov icmanın səfərbərlikdən öncəki və sonrakı durumunu təsvir etdi. A.Məhərrəmov icmada AzKİL2-nin maddi dəstəyi ilə həyata keçirilmiş və uğurla başa çatdırılmış "Yolun təmiri" layihəsinin 3125 nəfər insana fayda gətirdiyini diqqətə çatdırdı. Səfərbərlikdəki uğurların mənbəyini iştiraklılık-toplaşmaq vərdişinin qazanılması, təlim və bacarıqların artırılması, fəaliyyətin bütün sahələrində demokratiya və şəffaflığa riayət, hökumət strukturkaları ilə fəal iş birliyi, digər icmalara inteqrasiya, qadınların inkişaf prosesinə cəlbi, sosial tərəfdaşlıq və əməkdaşlıq kimi faktorların təşkil etdiyini vurğuladı. Layihənin istismarı və uzunmüddətliliyi, ətraf mühitə təsiri, dayanıqlıq fondu, öyrənilmiş dərslər, qazanılmış uğurlar haqqında da söhbət açdı.

    Digər qrupun təqdimatçısı F. Mehdiyev 2200 nəfər əhaliyə malik Əlinəzərli icmasının tarixi haqqında məlumat verdi, burada əsas məşğuliyyət sahələrinin heyvandarlıq və əkinçilik olduğunu bildirdi. İQ sədri AzKİL2 ilə əməkdaşlıq sayəsində ərsəyə gəlmiş "Yolun təmiri" layihəsi, problemin seçimi, prioritetləşdirilməsi, izahı və həlli yolları zamanı icmanın yaxın iştirakı, istismarda olan layihənin uğurundan danışdı. Təqdimatçı icmada məlumatlandırma, şəffaflığın təmini, ağsaqqal, ziyalı və qadınların fəal iştirakı, töhfənin icma üzvləri arasında düzgün bölüşdürülməsi, dini icmanın iştirakından istifadəni icma töhfəsinin yığılması metodologiyasının önəmli faktorları olaraq dəyərləndirdi. Paralel töhfə qoyuluşunun müsbət təsirlərinin icma sakinləri arasında birlik, problemlərin həllinə maraq, resurslardan düzgün istifadə, problemin vaxtında həll olunması, icmada bir nəfər hamı üçün, hamı bütün icma üçün fikrinin formalaşması, layihədə icmanın hər bir üzvünün fəallığında əks olunduğunu diqqətə çatdırdı.

    Paralel qruplar halında keçirilən sessiyalardan sonra çatdırılan təqdimatlar ətrafında müzakirələr aparıldı. Əməkdaşlıq edilən icmaların inteqrasiyaya müvəffəqliliyi, icra strukturları ilə əlaqələrin irəliləməsi, liderlik xüsusiyyətlərinin özəlliklə təqdimat və çıxışlarda üzə çıxması, müsbət keyfiyyətlərin icma üzvləri tərəfindən əxzinin gələcək layihələrin həyata keçirilməsində faydalılığı, sahibkarlıq və özünəinam hissinin yüksək səviyyəsi, öyrənilmiş dərslərdən yetərincə "dərs almaq", təqdimatetmə bacarıqlarının təkmilləşməsi, qadınların icma inkişafında yaxın iştirakının mütləqliliyi, eləcə də qadın liderlərin təcrübəlrindən yararlanmaq kimi xüsuslar interaktiv müzakirələrdə nəticə və faydalı cəhətlər kimi irəli sürüldü.

    Fasilitatorlar Yenigül Gülmalıyeva, Məmmədağa Rüstəmov, Yeganə Məmmədova, Əşrəf Nəsirov qrup işlərinin nəticələri barəsindəki məlumatlarını konfransa çatdırdılar. Konfransın qiymətləndirilməsi bölümündən sonra AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən cari ilin ilk tədbirini yekun nitqi ilə sona çatdırdı.

    Bölmələr: Press reziler