» Press reziler » “İcma layihələrində gender iştirakı” konfransı

 
 
 

“İcma layihələrində gender iştirakı” konfransı

Baxılıb: 575

  • Tarix: 5-03-2013, 14:25
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 04 mart, 2013-cü il tarixdə "İcma layihələrində gender iştirakı" mövzusunda Şimal-Qərb zonasının Bərdə şəhərində regional konfrans təşkil etdi. Arabaçılar, Körpüsındıran, Mirzəcəfərli, İrəvanlı, Qapanlı, Borsunlu, Kəbirli, Xoruzlu, Qaradağlı, Sarov, Xınalı, Mollacəlilli və digər əməkdaşlıq edilən icmaların, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal-Qərb zonası üzrə Proqram mütəxəssisi Xudayar Gülmalıyevin çıxışlarında konfransın özəyi-ictimai və inkişaf proseslərində qadın və kişilərə həvalə olunan ictimai cəhətdən formalaşmış vəzifələri, eləcədə onların hüquq, öhdəlik, fəaliyyətlərindəki tarazlığın təminini mündəricə edən gender bərabərliyi əks olundu.

    AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayevanın "AzKİL-in fəaliyyət zonalarında gender iştirakı" mövzusundakı təqdimatı dinlənildi. Qadın və kişilərin hüquq, öhdəlik, gördüyü işlər və s. sahələrdə tarazlığın təmini, gender, gender və cins, gender bərabərliyi mövzularındakı məlumatlar iştirakçıların qatıldığı interaktiv çalışmalarla vəhdət şəraitində keçdi. Təqdimat, qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi. K.Ağayeva Şimal zonasında keçirilən 92 səfərbərliyə qatılmış 18536 iştirakçıdan 6060-ının, Şimal-Qərb zonasındakı 95 səfərbərlikdə 20871 iştirakçıdan 6909-nun, Naxçıvan regionunda baş tutmuş səfərbərlikdə isə 13510 iştirakçıdan 3565-nin qadın olduğunu və nəticədə 52917 iştirakçının 16531 nəfərini qadınların təşkil etdiyini diqqətə çatdırdı.

    İki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu" və " Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri start aldı. Paralel qrupun iştirakçıları qadın və kişilərin cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərmələrinə baxmayaraq onların ictimai və məişət fəaliyyətlərinin sıx əlaqəsi, hər iki cinsin bir-birindən asılılığı, bu asılılığın və cəmiyyətin inkişafındakı birgə iştirakın hər iki tərəf üçün eyni və ya uyğun şəkildə tarazlanmasının vazkeçilməzliyini yekdilliklə irəli sürdülər. Ardından keçirilən qrup işlərinin plenar təqdimatlarında Səxavət Məmmədova (Xoruzlu icması), Bahar Abbasova (Körpüsındıran icması), Zakir Bayramov (Kəbirli icması), Əhliman Allahverdiyev (Körpüsındıran icması) çıxış etdilər.Təqdimatlarda qadın və kişilərin icma inkişafındakı, ailədəki rolları haqqında ətraflı danışıldı, qadınlarla bağlı məsələlər barədə qərar qəbul edilməsində onların iştirakının vacib, bəzi layihə və problemlərə yalnız qadınların gözü ilə baxmağın əhəmiyyətliliyi xüsusilə qeyd olundu.

    Nahardan sonra yer alan "Kim daha vacibdir?" başlığı altındakı fikir mübadiləsində paylanan kartlara kişilər qadınlar, qadınlar isə kişilər haqqında öz fərdi fikirlərini qeyd etdilər.Yekunda mübadilənin açıqlanan nəticələri geniş müzakirələr döğurdu, hər iki cinsin bir-birindən asılılığı, bu asılılığın və cəmiyyətin inkişafındakı birgə iştirakın hər iki tərəf üçün eyni və ya uyğun şəkildə tarazlanmasının vazkeçilməzliyi, əks-təqdirdə bu balansın pozula və beləliklə də ailədə və icmada qeyri-mütəşəkkilliyin yarana biləcəyi bəyan edildi. AzKİL-in əməkdaşlıq etdiyi icmalarda inkişafa xüsusi təsir edən insanlar olan qadınların fəaliyyəti üçün yaratdığı zəruri şərait, imkan, spesifik xüsusiyyətlərə malik olan qadın resursundan öncəliklə və daima istifadə etmək təşəbbüsü arzu, təklif və rəylər bölməsində hamılıqla təqdir olunan və alqışlanan xüsuslardan oldu. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfransı yekun nitqi ilə G.Qənbərova başa çatdırdı.

    Bölmələr: Press reziler