» main » "İcma layihələrində gender iştirakı” konfransı (Muğan-Salyan zonası)

 
 
 

"İcma layihələrində gender iştirakı” konfransı (Muğan-Salyan zonası)

Baxılıb: 586

  • Tarix: 9-03-2013, 00:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma layihələrində gender iştirakı" mövzusundakı sonuncu regional konfransı 08 mart, 2013-cü il taixdə Muğan-Salyan zonasının Sabirabad şəhərində keçirildi. Tədbirdə Yenikənd, Qalağayın, Surra, Qıraqlı, Qaracalar, Aranlı, Xanlarkənd, Muğanlı, Şirinbəyli, Yeni Novruzlu və əməkdaşlıq edilən digər icmaların, bələdiyyə orqanlarının nümayəndələri iştirak etdilər.

    AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova "İcma layihələrində gender iştirakı" konfransının çox mühüm və önəmli bir günə - 8 mart Beynəlxalq Qadınlar Bayramına təsadüf etməsinin əlamətdarlığını dilə gətirərək, tədbirin zərif cins iştirakçılarının timsalında bütün azərbaycan qadınlarının bayramını təbrik edib, onlara can sağlığı, ailə səadəti, sülh və əminamanlıq arzuladı. Dünyada və ölkəmizdə gender bərabərliyinin səviyyəsindən, bu sahədə atılan mühüm addımlardan icma inkişafında, icma layihələrinin seçimi və həyata keçirilməsində gender iştirakının vacibliyindən danışdı.

    Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova bölgədə həyata keçirilən icma layihələrində gender bərabərliyinin hər zaman ön planda müşahidə olunduğunu bildirdi, qadın əməyinin fayda və bəhrələrindən, icma inkişafı sferasında qazanılan uğurlarda gender iştirakının müstəsna rolundan söhbət açdı.

    AzKİL2 Köməkçi Heyətinin Baş Təlımçısı Tünzalə Hacıyeva "AzKİL-in fəaliyyət zonalarında gender iştirakı" mövzusunda təqdimat etdi. Cəmiyyətin üzvləri - qadın və kişilərin hüquq, vəzifə, öhdəlik, gördüyü işlərdə tarazılıq balansını tənzimləyən cender bərabərliyi məfhumu, onun xüsusiyyətlərini ətraflı olaraq auditoriyaya çatdıran, bu sahəni geniş təhlil edən, mövzuyla əlaqədar bu və ya digər xüsusları da özündə cəmləşdirən təqdimat hər kəs tərəfindən böyük diqqətlə dinlənildi və interaktiv çalışmalar doğurdu.

    Ardından,"İcma layihələri və gender" mövzusu əhatəsində müzakirələr start aldı. İnteraktiv diskussiyada insanlar-qadınlar və kişilər tərəfindən idarə olunan cəmiyyətin kiçik modeli olan icmada qadınların rolunun əvəzsizliyi əsas xüsus kimi vurğulandı. İcmada birbaşa qadın əməyi sərf olunan, aparıcı əməyin qadınlar tərəfindən icra olunduğu layihələrlə yanaşı, kişi əməyinin üstünlük təşkil etdiyi icma layihələrində də qadınların heç də geri qalmadığı açıqlandı. Layihələrin işlənib hazırlanması, sorğular keçirilməsi proseslərində, icazə sənədləri ilə bağlı, habelə ağır işlərdə çalışan icma üzvlərinə çay, yemək təşkil edilməsində də qadınların yaxından iştirakı, ədalətli əmək bölgüsü nümayiş etdirdikləri bildirildi, qadın liderlərinin təcrübələrindən faydalanmaq və onların inkişafa cəlb prosesinin daha da gücləndirilməsinin lazımlılığı önə sürüldü. İbrahim Cəlilov (Sabirabad rayonu, Yenikənd İQ sədri), Fazil Əliyev (Quruzma İQ üzvü) Nazilə Rəhimova (Surra İQ üzvü), Mərziyyə Babnayeva (Qalağayın İQ üzvü), Rabil Cəfərov (Türkədi İQ sədri), Vahidə Bəylərova (İmişli rayonu, Aranlı İQ üzvü), Güldəstə Hüseynova (Saatlı rayonu, Xanlarkənd İQ üzvü), Rüstəm Xəlilov (Şirinbəyli İQ üzvü), Ceyran İbrahimova (Yeni Novruzlu İQ üzvü) konfransın işində daha fəal iştirakları ilə fərqləndilər. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfrans G.Qənbərovanın yekun nitqi ilə sona çatdı.

    Bölmələr: main