» main » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin “İcma layihələrində gender iştirakı” konfransları start aldı (Şimal - Qərb zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin “İcma layihələrində gender iştirakı” konfransları start aldı (Şimal - Qərb zonası)

Baxılıb: 527

  • Tarix: 5-03-2013, 00:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 04 mart, 2013-cü il tarixdə "İcma layihələrində gender iştirakı" mövzusunda Şimal-Qərb zonasının Bərdə şəhərində regional konfrans təşkil etdi. Arabaçılar, Körpüsındıran, Mirzəcəfərli, İrəvanlı, Qapanlı, Borsunlu, Kəbirli, Xoruzlu, Qaradağlı, Sarov, Xınalı, Mollacəlilli və digər əməkdaşlıq edilən icmaların, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər. Konfrans demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasının qadın hüquqlarının gündən-günə genişləndirilməsi yönündə həyata keçirdiyi dəyərli fəaliyyət sferasına AzKİL2-dən layiqli töhfə oldu.İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal-Qərb zonası üzrə Proqram mütəxəssisi Xudayar Gülmalıyevin çıxışlarında konfransın özəyi-ictimai və inkişaf proseslərində qadın və kişilərə həvalə olunan ictimai cəhətdən formalaşmış vəzifələri, eləcədə onların hüquq, öhdəlik, fəaliyyətlərindəki tarazlığın təminini mündəricə edən gender bərabərliyi əks olundu. İcma layihələrinin həyata keçirilməsində qadın iştirakının artırılmasına nail olmağın AzKİL2-nin fəaliyyət strategiyasının əsas hədəflərindən olduğu, bu sferanın önəmli komponentlərindən sayılan iştiraklılığa yetirilən diqqətin daima diqqət mərkəzində tutulduğu qeyd edildi.

    AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayevanın "AzKİL-in fəaliyyət zonalarında gender iştirakı" mövzusundakı təqdimatı dinlənildi. Qadın və kişilərin hüquq, öhdəlik, gördüyü işlər və s. sahələrdə tarazlığın təmini, gender, gender və cins, gender bərabərliyi mövzularındakı məlumatlar iştirakçıların qatıldığı interaktiv çalışmalarla vəhdət şəraitində keçdi. Təqdimat, qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi. Burada əməkdaşlıq edilən iqtisadi zonaların qadın liderlərindən bəhs olundu, iştiraklılıq, icma qrupunun gücləndirilməsi, informasiya yayımı, təlim və bacarıqların artırılması, qonşu icmalardakı qadınlarla əməkdaşlıq, icma yönümlü mərasimlərin yüksək səviyyədə təşkilindən bəhs olundu. Həssas qrupların cəlbində qadınların rolu, iştiraklı yanaşma, problemin seçimi zamanı həmfikirlilik, icma layihəsinin planlaşdırılması, layihə təklifi və büdcənin düzgün hazırlanması, layihə təqdimatında iştirak, icma fondu və onun genişləndirilməsi, əmtəə töhfəsinin icmanın daxili resurslarına uyğunlaşdırılması və bu kimi proseslərdəki uğurları da diqqətə çatdırıldı. K.Ağayeva Şimal zonasında keçirilən 92 səfərbərliyə qatılmış 18536 iştirakçıdan 6060-ının, Şimal-Qərb zonasındakı 95 səfərbərlikdə 20871 iştirakçıdan 6909-nun, Naxçıvan regionunda baş tutmuş səfərbərlikdə isə 13510 iştirakçıdan 3565-nin qadın olduğunu və nəticədə 52917 iştirakçının 16531 nəfərini qadınların təşkil etdiyini diqqətə çatdırdı.

    Telli İbadova, Nurlan Ağayev, Bəxtiyar Sadıqov, Elnarə Qaraxanovanın fasilitatorluqları ilə iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri start aldı. Hər iki qrup işində bioloji (fərqli bədən üzvləri, bioloji funksiyaların birləşdiyi fiziki fərq), sosioloji (qadın və kişilərin icmanın və ya cəmiyyətin həyatında tutduğu mövqe, oynadığı rol) cinslərdən ibarət iki qolu əhatə və tədqiq edən cenderin cəmiyyətdə cinslərarası qarşılıqlı münasibətlər, eyni zamanda qadın və kişilərin cəmiyyətin həyatında, idarə olunmasındakı rolu, vəzifələri, bu sahə ilə bağlı digər məsələlər əhatə olundu. Paralel qrupun iştirakçıları qadın və kişilərin cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərmələrinə baxmayaraq, onların ictimai və məişət fəaliyyətlərinin sıx əlaqəsi, hər iki cinsin bir-birindən asılılığı, bu asılılığın və cəmiyyətin inkişafındakı birgə iştirakın hər iki tərəf üçün eyni və ya uyğun şəkildə tarazlanmasının vazkeçilməzliyini yekdilliklə irəli sürdülər.

    Ardından keçirilən qrup işlərinin plenar təqdimatlarında Səxavət Məmmədova (Tərtər rayonu, Xoruzlu İQ üzvü), Bahar Abbasova (Bərdə rayonu, Körpüsındıran İQ sədrinin müavini), Zakir Bayramov (Tərtər rayonu, Kəbirli İQ üzvü, bələdiyyə sədri), Əhliman Allahverdiyev (Bərdə rayonu, Körpüsındıran İQ sədri) çıxış etdilər.Təqdimatlarda qadın və kişilərin icma inkişafındakı, ailədəki rolları haqqında ətraflı danışıldı, qadınlarla bağlı məsələlər barədə qərar qəbul edilməsində onların iştirakının vacib, bəzi layihə və problemlərə yalnız qadınların gözü ilə baxmağın əhəmiyyətliliyi xüsusilə qeyd olundu. Ailədə uşaqların tərbiyəsində kişilərdən ziyadə qadınların əsas rol oynaması, ailələrdən ibarət olan icmada, bu kiçik qurumun idarə olunmasında qadınların vəzifəsinin əsaslığı, bəzi spesifik mühafizə tədbirlərinin (ailə planlaşdırılması, qadın sağlamlığı, yeniyetmə qızlarla iş və s.) məhz onların iştirakı ilə baş tutmasının hər zaman diqqət mərkəzində durması edilən təqdimatların ana xəttini təşkil etdi.

    Nahardan sonra yer alan "Kim daha vacibdir?" başlığı altındakı fikir mübadiləsində paylanan kartlara kişilər qadınlar, qadınlar isə kişilər haqqında öz fərdi fikirlərini qeyd etdilər.Yekunda mübadilənin açıqlanan nəticələri geniş müzakirələr doğurdu, hər iki cinsin bir-birindən asılılığı, bu asılılığın və cəmiyyətin inkişafındakı birgə iştirakın hər iki tərəf üçün eyni və ya uyğun şəkildə tarazlanmasının labüdlüyü, əks-təqdirdə bu balansın pozula və beləliklə də ailədə və icmada qeyri-mütəşəkkilliyin yarana biləcəyi irəli sürüldü. Müzakirələrdə son dövrdə bir çox ölkələrdə, eləcə də respublikamızda da milli mexanizmlərin möhkəmləndirilməsi üçün müəyyən qeyri-bərabərlik tiplərinin ləğv edilməsi yolu ilə kişilər və qadınlar arasında bərabər imkanların yaradılması üçün atılan addımlar da gündəmə gətirildi.Vəfa Əliyeva (Bərdə rayonu, Arabaçılar İQ sədri), Sabir Əliyev (Tərtər rayonu, İrəvanlı İQ sədri), Kəmalə Hümbətova (Qapanlı İQ sədri), Könül Mahmudova (İsmayılbəyli İQ sədri), Təranə Xəlilova (Goranboy rayonu, Qaradağlı İQ üzvü), Zeynəb Həsənova ( A.Ballıqaya, İQ üzvü), İsmayıl Orucov (Göygöl rayonu, Mollacəlilli İQ sədri) daha fəal iştirakları ilə diqqət çəkdilər.

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşlıq etdiyi icmalarda inkişafa xüsusi təsir edən insanlar olan qadınların fəaliyyəti üçün yaratdığı zəruri şərait, imkan, spesifik xüsusiyyətlərə malik olan qadın resursundan öncəliklə və daima istifadə etmək təşəbbüsü arzu, təklif və rəylər bölməsində hamılıqla təqdir olunan və alqışlanan xüsuslardan oldu.

    Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfransı yekun nitqi ilə G.Qənbərova başa çatdırdı.

    Bölmələr: main