» main » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

Baxılıb: 407

  • Tarix: 26-09-2013, 22:44
  • Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi fəaliyyətini icmaların bacarıqlarının artırılması, mənimsənilməsi, biliklərin yayılması, qazanılmış təcrübələrin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı yararlanma kimi önəmli məqsədlər əsasında qurur. Qarşıdakı məqsədlərinə nail olmaqla icma şəbəkəsini genişləndirməyi hədəfləyən Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 20-25 sentyabr tarixlərində növbəti işini Qəbələ-İsmayıllı-Oğuz-Zaqatala-Balakən-Beyləqan-Ağcabədi-Bərdə-Qəbələ xəttində uğurla icra etdi. Burada yaranan dialoqlar, qurulan işgüzar əlaqələr icma layihələrinin uğurla həyata keçirilməsində, icma üzvlərində özünəinam, güvən hissinin daha da yüksəlməsində güclü stimul rolu oynayır. Bu V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının fəaliyyətində bir daha təsdiq olundu.
    Sessiyanın Açılış Seminarı Qəbələ şəhərində keçirildi. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının aqrar məsələlər üzrə müavini Rahib Əhmədov iştirakçıları salamlayıb, son illər Qəbələdə aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafında dəyərli xidmətləri olan AzKİL2 ilə qurulan uğurlu əməkdaşlıqdan danışdı, bu zəmində müvəffəqiyyətlə həyata keçirilmiş 10 icma layihəsi və günümüzdə icrada olan layihələrdən bəhs edərək sessiyanın işinə nailiyyətlər arzuladı. V ZQGS-nın iştirakçılarını salamlayan AzKİL2-nin direktoru Sübhan Əsgərov regionların inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, infrastruktur xidmətlərindən istifadəni yaxşılaşdırmağa yönələn dövlət proqramları arasında AzKİL2-nin xüsusi mövqeyindən, icma şəbəkələşməsi çərçivəsində görülən işlərdən, qazanılmış nailiyyətlərdən söhbət açdı. Dünya Bankının AzKİL2 üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen Dünya Bankının salamlarını yetirib, AzKİL-in bu mötəbər qurumda ən uğurlu, nümunəvi layihə kimi tanındığını bəyan etdi. ZQGS-nın bu günkü-növbəti toplantısını AzKİL-in qazandığı nailiyyət və uğurların parlaq təzahürü olduğunu bildirən D.Ouen, onun Azərbaycan Respublikasında geniş vüsət alan icma hərəkatının düzgün formalaşması, inkişafı və davamlılığının təmini istiqamətindəki xeyirxah missiyasını yüksək qiymətləndirdi.
    Təqdimat Seminarının qonaqlarından İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov AzKİL ilə çalışmaqdan böyük qürur və şərəf duyduqlarını səsləndirərək bu əməkdaşlıqdan icmaların cox dəyərlər qazanacaqlarını dilə gətirdi. AzKİL2-nin direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Layihənin fəaliyyəti, təqdirəlayiq xidmətləri, həyata keçirilən uğurlu layihələrdən söhbət açdı. G. Qənbərova İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi İdarəetmə Qrupunun əməkdaşlıq etdiyi icmaların bacarıqlarının artırılmasını daima diqqət mərkəzində saxladığını, icma inkişafı sahəsində yüksək nailiyyətlər qazanmış, problemlərin həllində çeviklik nümayiş etdirən icmaların fəaliyyətinə mütəmadi olaraq nəzarət göstərdiyini vurğuladı. AzKİL2-nin əsas istiqamətlərindən olan İcma Şəbəkələşməsi proqramının 2005-ci ildə 60 icma ilə fəaliyyətə başladığını, hazırda isə 670 icmanı əhatə etdiyini fəxrlə seminara çatdırdı. V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının işinə nailiyyətlər diləyən G. Qənbərova seminarın sonrakı bölümü İcma Şəbəkələşməsinə keçid alaraq, bu proqramın bacarıqla gerçəkləşdirilməsini vacib amil olaraq dəyərləndirdi.
    Layihə Zonalarının Təqdimatında Proqram mütəxəssisləri Fəridə Eminova (Muğan Salyan RƏO), Akif Kərimli (Şimal RƏO), Xudayar Gülmalıyev (Şimal-Qərb RƏO), Naxçıvan MR RƏO-nun əməkdaşı Anar Həsənov AzKİL2-nin fəaliyyət göstərdiyi zonalarda həyata keçirilmiş və hazırda icrası davam etdirilən icma layihələri, səfərbərlik prosesləri və təlimlər ilə bağlı geniş məlumat verdilər. AzKİL2 İcma Şəbəkəsini genişləndirir bölümündə Şərq Qərb İdarəetmə İnstitutu Beynəlxalq QHT SEDA Proqramının əməkdaşı Timosi Madiqanın təqdimatı yer aldı. Şərhçi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, Şərq-Qərb İdarəetmə İnstitutunun (ŞQİİ) həyata keçirdiyi Sosial İqtisadi İnkişaf Proqramını (SEDA) seminara tanıtdı. SEDA-nın icma əsaslı infrastruktur layihələrinə dəstək vermək və sosial-iqtisadi strategiyalar, proqramlar üçün prioritetlərin irəli sürülməsində maraqlı tərəflərin iştirakını gücləndirmək yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım etmək missiyası barəsində ətraflı danışdı.
    AzKİL2 Gəlirgətirən İcma Layihələri hissəsində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri, sosial inkişaf üzrə müstəqil ekspert Dr. İsrayıl İsgəndərovun Gəlirgətirən icma mikrolayihələrinin menecmenti mövzusunda təqdimatı dinlənildi. İ. İsgəndərov Gəlirgətirən icma mikrolayihələrinin məqsədi bölümündə sosial yönümlü layihələrin davamlılığını və ictimai məqsədin təmin etmək üçün icma əsaslı gəlir yaradan və bu gəlirlərin bir hissəsinin icmaların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlməsini əsas prinsip olaraq dəyərləndirdi. O, Ümid SİD İB-nin həyata keçirdiyi üç müxtəlif istiqamətli gəlirgətirən icma mikrolayihəsi - İcmalarda içməli su təchizatının yaxşılaşdırılması, Süd İstehsalçılarına icma əsaslı dəstək, İcma Xidmət Mərkəzləri, Usta yanında şagird hazırlığını örnək göstərdi. Ekspert bu layihələrin şəffaflıq və hesabatlılıq, müqavilə şərtləri, çətinliklər və həlli yolları, biznes və sosial sahibkarlıq, amillərin kəsişmə nöqtəsi kimi önəmli xüsusularından bəhs etdi.
    Uğurlu icma layihələri mövzusu ətrafında sessiya iştirakçılarının icmalardakı uğurlu layihələrlə daha ətraflı tanış olmaları üçün iki paralel qrupda təqdimatlar aparıldı. I qrupda Beyləqan rayonu, Aşıqlı I icmasından Sədulla Eyvazovun (İLK üzvü, bələdiyyə sədri) Layihənin icrası zamanı icma iştirakı, Gədəbəy rayonu, Rüzgar icmasını təmsilən AzKİL2-nin mühəndisi Kamil Əliyevin Yolun təmiri layihəsi mövzularındakı təqdimatları və çatdırılan təqdimatların xülasəsi maraqla qarşılandı. II qrupda Babək rayonunun Məzrə icmasından Abdulla Həsənov (İQ sədri) İçməli su artezianı layihəsi, İsmayıllı rayonu, Buynuz icmasından Elman Məmmədov (İQ üzvü) İcma layihələrində qadınların rolu və gender balansının təmin olunması mövzususnda çıxış etdikdən sonra qrup təqdimatlarının xülasəsi sessiyaya çatdırıldı.
    Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının Proqramının bəyanı, qiymətləndirmə və yekunundan sonra tədbirin fəaliyyəti ertəsi və digər günlər icmalarda çarpaz görüş, seminarlar və sahə səfərləri ilə davam etdi. Sessiya iştirakçıları təcrübə mübadiləsi aparmaq, həyata keçirilmiş icma layihələri ilə tanış olmaq və öyrənilmiş dərslərə yiyələnmək üçün Qarşılıqlı Görüşlərin ilk ünvanı - Şimal zonasının Buynuz, Təzəkənd (İsmayıllı), Tüntül (Qəbələ) və Padar (Oğuz) icmalarına yollandılar. Burada İctimai iştiraklılıq, Tamamlanmış layihələrin hüquqi statusu - balansa verilmə, AzKİL-in sosial iqtisadi təsiri, İcma Layihələrində qadın iştirakı mövzularında seminarlar düzənləndi. Sonrakı istiqamət olan Yengiyan, Qandax (Zaqatala), Qaysa, Qazma (Balakən) icmalarında təşkil olunan seminarların mövzuları Ətraf Mühitin qorunması, İcmadaxili konfliktlərin həlli, Gəlirgətirən layihələrin icma həyatında rolu, Tamamlanmış icma layihələrinin Sərti və Yekun təhvili oldu. Şimal-Qərb zonasının Qiyaməddin, Təzəkənd (Ağcabədi), Baharabad, Günəşli (Beyləqan) icmalarında Problem Ardıcıllığı - Strateji Plan, İctimai təşkilatlanma - ictimai kapital, İcmadaxili sosial qruplar, Dövlət qurumları ilə əməkdaşlıq, sonuncu ünvan - Gələbədin (Ağcabədi), Alaçadırlı, Soğanverdilər, Qazaxlar (Bərdə) icmalarında isə İcma töhfəsinin təşkili, Yerli xüsusiyyətlərin texniki icraya təsiri, Donorla əməkdaşlıq, İstismar və Dayanıqlıq keçirilən seminarların mövzuları idi. İnteraktiv müzakirə, sual-cavab diskussiyaları əhatəsində baş tutan tədbirlərin ardından sahə səfərlərində həyata keçirilmış və icra mərhələsində olan layihələrlə tanışlıq oldu.
    Bu müddət ərzində iştirakçılar Şəkidə Xan Sarayı, Karvansaray, tarix-diyarşünaslıq və xalq tətbiqi sənət muzeyləri, Kiş və Cotari kilsələri, Beyləqanda Hz.Çərçis Peyğəmbər məscidində oldular, gəzinti və ekskursiya səfərlərindən zəngin təəssürat qazandılar. Sessiya iştirakçıları Balakəndə Ulu Öndər Heydər Əliyev parkını gəzdilər, onun abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərin xatirəsinə ehtiramlarını izhar etdilər. Çarpaz görüşlər təbirlərindən sonrakı istirahət saatlarında sessiya iştirakçıları müsafir qaldıqları rayonların tarixi və görməli yerlərini gəzdilər, qonaqladıqları icmalarda kəndin tarixi, yerli adət-ənənə, süfrə mədəniyyəti və mətbəxi ilə yaxından tanış oldular, sakinlər, eləcə də gecələdikləri evlərin sahibləri tərəfindən böyük qonaqpərvərlik və dərin hörmətlə qarşılandılar. Maraqlı söhbət, şən əyləncə, rəngarəng musiqi, xoş ovqat vəhdətində keçən bu qonaqlamalarda Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş iştirakçılar bir-birilərinə daha da isinişib qaynaşdılar, təməli yeni qoyulmuş tanışlıqlarını müxlis dostluq bağları ilə möhkəmləndirdilər.
    V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası çərçivəsində AzKİL2-nin maddi vəsaiti əsasında həyata keçirilmiş icma layihələrinin - İçməli su xəttinin təmiri (İsmayılı rayonu, Təzəkənd icması), Tibb məntəqəsinin təmiri (Qəbələ rayonu, Tüntül icması) İçməli su xəttinin təmiri (Zaqatala rayonu, Yengiyan icması) açılış mərasimləri böyük təntənə, əsl bayram əhval-ruhiyyəsində baş tutdu. İcma yönümlü kənd infrastukturlarına çıxışı və istifadəni artırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirmək missiyası daşıyan İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinin bariz nümunəsi olan və uğurla həyata keçirilən icma layihələrinin açılış mərasimlərində Dünya Bankının AzKİL2 üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, İsmayıllı rayon icra hakimiyyətinin nümayəndəsi Həsən Həsənov, Qəbələ rayon icra hakimiyyətinin başçısının müavini Vasif Yaqubov, Qəbələ rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov, Proqram mütəxəssisləri Fəridə Eminova (Muğan Salyan RƏO), Akif Kərimli (Şimal RƏO), Xudayar Gülmalıyev (Şimal Qərb RƏO) iştirak etdilər, layihələrin həyata keçirildiyi icmaların sakinlərinə səmimi təbriklərini çatdırıb, onların sevinclərinə şərik olduqlarını bildirdilər.
    Kənd sakinləri Ağalar Bədəlov (İsmayılı rayon Ağsaqqallar Şurasının Təzəkənd icması üzrə müavini, kənd məktəbinin müəllimi), Eynulla Bağırov (İQ sədri), Şirvan Nəzirov (Tüntül ərazi icra nümayəndəsi), Kərim Kərimov (bələdiyyə sədri), Ramiz Şabanov (Yengiyan icması, İQ sədri), Şaiq Əlixanov (İQ üzvü), Ziya Məmmədov (bələdiyyə sədri), kənd sakinlərinin ehtiyacına dövlət qayğısı olan AzKİL-ə bu layihələrin ərsəyə gəlməsində göstərdiyi əvəzsiz xidmətlərə gorə minnətdarlıq edib, kənd ərazilərinin dayanıqlı inkişafındakı ölçüyəgəlməz fəaliyyətini alqışladılar. Açılış lentlərinin kəsilməsinin və istismara verilən layihələrə birgə baxışın ardından kəndlərin özfəaliyyət ansamblları rəngarəng konsert proqramları ilə çıxış etdilər.
    V ZQGS-nın Qəbələ şəhərində baş tutan Yekun Seminarı işinə başlamadan öncə iştirakçılar və qonaqlar konfrans zalının foyesində açılmış İcma nailiyyətləri sərgisi ilə tanış oldular. Böyük maraqla qarşılanan sərgidə Şimal, Şimal-Qərb, Muğan-Salyan və Naxçıvan MR zonalarının kənd təsərrüfatı məhsullarından spesifik örnəklər - bağ, bostan tarla, ət və süd məhsulları, təbii və mineral sular, şəfalı ot bitkiləri nümayiş olundu, mətbəx nümunələri, un və şirniyyat məmulatları tanıdıldı. AzKİL-i simvolizə edən rəsm əsərləri, əl işləri, maketlər sərgidə hər kəsin diqqətini cəlb etdi. Yekun seminarında AzKİL2-nin direktoru Sübhan Əsgərov, Dünya Bankının AzKİL2 üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, Dünya Bankının İctimai İnkişaf üzrə Avropa və Mərkəzi Asiya Regionunun sektor meneceri Elizabet Hyubenz, AzKİL2-nin direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, çıxış etdilər.
    V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının gedişatını dolğun şəkildə əks etdirən, hər kəs tərəfindən diqqətlə izlənilən filmin ardından İcmalarda Qarşılıqlı Görüşlər Xülasələri AzKİL2-nin direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Baş Səfərbərçi Tünzalə Hacıyeva, monitorinq/icma inkişafı mütəxəssisi Əşrəf Nəsirov (Şimal-Qərb RƏO), menecer Anar Həsənov (Naxçıvan MR RƏO) İnformasiya və əlaqələr üzrə işçi Səbirə Mehdiyeva (Şimal RƏO) tərəfindən dinlənildi. Şimal zonası, Zaqatala rayonunun Yengiyan icmasında gerçəkləşdirilən və analoqu olmayan icma layihəsi haqqında çəkilmiş video-çarxın nümayişinin ardından Biz nə gördük, nə öyrəndik, nə tövsiyyə etdik? başlığı altında zona nümayəndələrinin təmsil olunduğu qrup işləri start aldı. Sessiyanın bu son mərhələsində iştirakçılar səfər etdikləri icmaların fəaliyyətlərindəki güclü və zəif tərəfləri, eləcə də gördükləri, eşitdikləri, öyrəndikləri, tövsiyyə edəcəkləri xüsusları müzakirədən keçirib toplantya çatdırmaq üçün qruplar halında çalışdılar. Tədbir qruplar tərəfindən hazırlanmış təqdimatların sessiyaya çatdırılması bölümü ilə davam etdirildi. İcma nümayəndələrindən Eldəniz Doldolov (Balakən rayonu, Qaysa icması, İQ sədri), Elman Məmmədov (İsmayıllı rayonu, Buynuz icması, İQ üzvü), Zakir Bayramov (Tərtər rayonu, Kəbirli icması, İQ sədri), Lətif Həmidov (Qaraağacı icması, İQ üzvü), Göyçək Ələsgərova (Masallı rayonu, Təzə Alvadı icması, İQ sədri), Məhəmməd Axundov (Naxçıvan MR, Şərur rayonu, Danyeri icması, İQ üzvü), Yeganə Məmmədova (Beyləqan rayonu, I Aşıqlı icması, İQ sədri) Sadulla Eyvazov (bələdiyyə sədri) altı günlük sessiya marafonunda gördüklərini, öyrəndiklərini, geniş təəssüratlarını iştirakçılar ilə bölüşdülər, tövsiyyələrini söylədilər.
    Yekun hissədə AzKİL2-nin direktoru Sübhan Əsgərov V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası marafonunun uğurla tamamlanmasında bütün iştirakçıların, AzKİL əməkdaş və tərəfdaşlarının böyük zəhmətini dilə gətirdi, dəstək və qonaqpərvərlik üçün icra strukturlarına minnətdarlığını bildirdi.
    AzKİL icma şəbəkəsinin fəaliyyəti olan V Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası qazanılmış təcrübə və uğurlar, çətinliklər, öyrənilmiş dərslər haqqında məlumat əldə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaqda icmalara yardım etmək məramını bu dəfə də layiqincə gerçəkləşdirməyə nail oldu və altı günlük məsuliyyətli işinə yekun vurdu.

    Bölmələr: main