» main » Ətraf Mühit Seminarı (Şimal zonası)

 
 
 

Ətraf Mühit Seminarı (Şimal zonası)

Baxılıb: 551

  • Tarix: 17-01-2013, 00:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin növbəti Ətraf Mühit Seminarı 16 yanvar, 2013-cü il tarixdə, Şimal zonasının İsmayıllı şəhərində keçirildi. Tədbirdə əməkdaşlıq edilən 20-yə yaxın icmanın (Ləkçıplaq, Şəkər, Qaraməryəm, Qaraqaşlı, Ərəbuşağı, Pirhəsənli, Hüşün, Həmzəli, Mıxlıqovaq, Ruşan, Soltankənd və s. ) 70-dən çox nümayəndəsinin, yerli icra və bələdiyyə orqanlarının rəsmiləri bir araya gəldi. Seminarın açılışında İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, Bacarıqların Artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, AzKİL2 Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimli çıxış ediblər. İcma layihələrinin həyata keçirilməsi prosesində ətraf mühitə zərər vura biləcək təsirlərdən qorunmaq məsələləri, bu sahədəki problemlərin həllinə yönəlmiş biliklərin mütəmadi olaraq artırılmasının labüdlüyü çıxışlarda gündəmə gətirilib.

    "Qlobal iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri" mövzusundakı təqdimatı ilə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit üzrə məsləhətçisi, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov çıxış edib. Təqdimatda son 50 il ərzində dünyada baş verən təbii fəlakətlər, onların statistikası və törətdiyi iqtisadi böhran, fəsad təhlükədən, qlobal ekoloji problemlər (iqlim dəyışmələri, biomüxtəlfliyin azalması, səhralaşma, ozon qatının dağılması, torpaqların deqradasiyası) açıqlanıb. Ekoloq 2012-ci ildə baş verən təbii fəlakətlər nəticəsində dünya iqtisadiyyatına 160 mlrd. dollar həcmində ziyan dəydiyini, otən il ölkəmizdə təbii fəlakətlərin sayının digər illərə nisbətən artdığını, nəticələri aradan qaldırmaq məqsədilə dövlət tərəfindən 690 milyon manat vəsaitin ayrıldığını bildirib.

    T. Zeynalov ətraf mühitin çirklənməsinin qarşısının alınması sahəsində dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılması yönündə də məlumat verib. Hazırda bu istiqamətdə müsbət təcrübələrin mövcudluğunu bildirib, dünyanın bir çox yerində günəş, külək, digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadənin ildən ilə genişləndiyini vurğulayıb. Təqdimatçı Azərbaycanın əlverişli təbii şəraiti sayəsində kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malik olduğu nöqteyi-nəzərindən bundan tam istifadənin labüdlüyünü bəyan edib.

    Nümayiş etdirilən Qlobal iqlim dəyişmələri mövzusundakı film iştirakçılar tərəfindən maraqla qarşılanıb. Filmin ardından Ətraf Mühit məsələlərinə dair dəyirmi masa müzakirələri keçirilib. İcma nümayəndələrindən Cahangir Məmmədov (Tərtər rayonu, Köçərli icması), Təranə Xəlilova (Goranboy rayonu, Qaradaglı icması), Eyyub Həsənov (Aşagı Ballıqaya icmas), Aygül Tağıyeva, Nəsib Calalov (Bərdə rayonu, Əmirli icması), Pakizə Məmmədova (Tovuz rayonu, Alakol icması) təqdimat ətrafındakı müzakirələrdə fəallıqları ilə seçiliblər. İnteraktiv sual-cavab bölməsində seminar iştirakçılarının sualları cavablandırıb. Seminarda "İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ekoloji Siyasətində Maarifləndirmə" seriyasından T.Zeynalovun müəllifi olduğu "Dünyada baş verən təbii fəlakətlər və onları törədən amillər", "Kənd təsərrüfatının qlobal iqlim dəyişmələrinə uyğunlaşma zamanı milli səviyyədə icmalara və fərdi sahibkarlara tövsiyyələr", "Tullantıların növləri və təsnifatı","Bərk məişət tullantıları nədir? (Tullantıdan mənfəətə)" adlı kitabça və broşurlar paylanılıb. Konfransın qiymətləndirilməsi hissəsindən sonra G.Qənbərovanın yekun nitqi ilə tədbir işini başa vurub.

    Bölmələr: main