» main » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi start götürdü

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi start götürdü

Baxılıb: 552

  • Tarix: 14-06-2012, 22:12
  • Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik sosial inkişafı sahəsində icra olunan dövlət proqramları arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökumətinin və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi 2005-2012-ci illəri əhatə edən dövrdə icma layihələrinə sərmayə qoyub əhalinin yaşayış səviyəsini yaxşılaşdırmaq, infrastruktur xidmətlərindən istifadəni artırmaq istiqamətində qətiyyətli addımlar atmış, kənd ərazilərinin dayanıqlı inkişafındakı ölçüyəgəlməz fəaliyyətində böyük uğurlar qazanaraq 642 icma layihəsi həyata keçirmişdir. AzKİL icma inkişafı sahəsində öz bacarıq və vərdişlərini artırmış, özü-özünə dəstək verməyi bacaran, əldə etdikləri təcrübə və biliklərə əsasən digər icmalara nümunə olan, fəal icmaların dayanıqlı inkişafına nail olmuşdur. İcmalarda özünəinam və inkişafa investisiya devizi ilə irəliləyən AzKİL ötən mərhələlərdə əldə etdiyi nailiyyətlərin, respublikada geniş vüsət alan icma inkişafı hərəkatının düzgün formalaşması və davamlılığının təmini istiqamətində yürütdüyü missiyasının davamı olaraq yenidən, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (2012-2017) adı altında start götürmüşdür.Bu gün AzKİL-2 ölkəmizin beş regionunda (Muğan-Salyan, Düzən-Şirvan, Naxçıvan MR, Şimal, Şimal-Qərb) infrastruktur layihələrini hazırlayıb icra etmək məqsədilə kənd icmalarına yönəldilən, isanların həyat şəraitini yaxşılaşdıran, infrastruktura çıxışı gücləndirən uğurlu icma layihələri həyata keçirmək kimi xeyirxah missiyasını inamla davam etdirir.

    ...İcma inkişafı sahəsində atılan addımlar öz möhtəşəm startını ilkin səfərbərlıkdən-insanların öz ehtiyac və problemləri ətrafında ümumi razılığa gəlməsi, bir-birini daha yaxından tanıması, birləşməsi, müdrik insanların sözünü eşitməsi məqamından götürür. İcmanın formalaşması, inkişafı və uğurlu fəaliyyəti icma səfərbərliyinin bazası əsasında qurulur. Səfərbərlik, icma sakinlərinin təşəbbüslərini, zehni və fiziki qüvvələrini, idarəetmə bacarıqlarını, maliyyə və texniki imkanlarını bir araya gətirir, problem və ehtiyacların üzə çıxması ilə başlayır. Bu proses, İcma Qrupunun yaranması, ümumi ehtiyacların analizi, sorğuların aparılması, layihələrin hazırlanması və texniki icrası zamanı təçəbbüslərin bir araya gəlməsi, davamlılıq mərhələlərinə əsaslanır. İcma səfərbərliyinin davamlı olması, icmanın sağlam və güclü olması, inkişafla bağlı bütün çətinliklərə davam gətirə bilməsi deməkdir. İcma səfərbərliyinin səbəbi və nəticəsi problemlərin həll olunması, insanların həyat şəraitinin yaxşılaşması, birbaşa və dolayısı ilə iqtisadi imkanların artırılmasıdır.Ən başlıcası isə səfərbər olunmuş bu insanlar öz ehtiyaclarının həllində və uzunmüddətli, uğurlu layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Layihə İdarəetmə Qrupu (LİQ) 12 iyun, 2012-ci il tarixdə, Quba rayonunun (Şimal zonası) Dağlı və Qələdüz icmalarında paralel olaraq İştiraklı Kənd Qiymətləndirməsi metodu ilə üç günlük səfərbərlik seminarı təşkil etdi.Tədbirdə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsininn direktoru Sübhan Əsgərov, direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Proqram mütəxəssisləri Fəridə Eminova (Muğan-Salyan zonası), Akif Kərimli (Şimal zonası), AzKİL Köməkçi Heyətinin Baş Təlımçısı Tünzalə Hacıyeva və digər əməkdaşlar iştirak etdilər...Qələdüz icması uzun illərdən bəridir ki, sosial problemlərin çoxluğundan əziyyət çəkirdi. Mövcud problemləri həll etməyə çalışan icma üzvlərinin ən böyük çətinliyi problemlərin həlli üçün çıxış yolu tapmaq, eyni zamanda ümumi razılığa gəlmək idi. AzKİL-lə əməkdaşlıq sayəsində problemlərini həll edən icmalar haqqında eşidən qələdüzlülər vaxt itirmədən İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinə müraciət etmək qərarına gəldilər. Müraciət layihə meyarlarına uyğun olduğu təsdiqləndikdən sonra qəbul olundu. Layihə əməkdaşları tərəfindən keçirilən ilkin görüşdə qələdüzlülər böyük maraq və ümidlə kənd məktəbinin həyətinə toplaşaraq müzakirələrə qoşuldular. Kənd qadınları kişilərdən fərqli olaraq müzakirələrdə daha fəal iştirak edir, məhz İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıq sayəsində problemlərin bitəcəyinə olan inamlarını dilə gətirirdilər. Məqsəd qruplarında keçirilən görüşlərdə İştiraklı Kənd Qiymətləndirməsi Seminarının tarixi müəyyənləşdirildi. Səfərbərlik günü havanın çox hərarətli olmasına baxmayaraq, insanlar dəstə-dəstə görüş keçiriləcək yerə axışırdılar. 175 nəfər sakinin bir araya gəldiyi tədbirdə qadınların sayca üstünlük təşkil etdiyi göz önündə idi. AzKİL-2- nin fəaliyyəti barədə ümumi məlumat verilməsi ilə öz işinə başlayan seminar qadın və kişilərdən ibarət olan iki paralel qrupun ayrı-ayrılıqda icmanın mövcud coğrafi və iqtisadi ehtiyatlarının əks etdirildiyi icma xəritəsini tərtib etmələri ilə davam etdi. Kənd tarixçəsi prosesində isə icmanın həyatında əhəmiyyət kəsb edən hadisələr, kəndin keçmiş fəaliyyətlərinin tarixçəsindən söhbət açıldı, kəndin yaranma tarixi, adının mənbəyi bildirildi (kənd ağsaqqallarının fikrincə Qələdüz - şəhər düzü mənasında işlənib). Daha sonra icma sakinləri - qadınlar, kişilər və gənclər ayrı-ayrı qruplarda öz problem və ehtiyaclarını müzakirə edərək fikirlərini geniş icma yığıncağı ilə bölüşdülər. İcma sakinləri tərəfindən daha çox diqqət və maraq kəsb edən proses - Problemlərin təhlilində iki paralel qrup təhsil, səhiyyə, infrastruktur və kənd təsərrüfatı sahələrinə aid bütün problemlərin təhlilini apardı. Qruplar tərəfindən yazılan problemlərin təqdimindən sonra icma sakinlərinin istəyi əsasında İcma Qrupu üçün namizədlər siyahısı tərtib olundu.

    Seminarın 2-ci günü aparılan bütün proseslərə icma sakinləri ilə birgə təkrar nəzər salındı, müəyyənləşdirilmiş problemlər içərisindən ən vacib 5 problem seçildi və səs çoxluğu nəzərə alınaraq sıralandı, “İçməli su çatışmazlığı” ən vacıb problem kimi yekdilliklə 1-ci sırada yer aldı. Növbəti prosesdə İcma Qrupunun tərkibini müəyyənləşdirmək üçün keçirilən seçkidə sakinlər etibar etdikləri, inandıqları namizədlərə səs verdilər və ən çox səs toplayanlar İcma Qrupuna üzv seçildilər. Sonuncu gün, seçilmiş İcma Qrupu ilə Strateji Planlaşdırma təşkil olundu, qrup üzvləri arasında məsuliyyət bölgüsü aparıldı, seçilmiş və sıralanmış problemlərə əsasən 2 illik strateji plan müəyyənləşdirildi.Və beləliklə, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Layihə İdarəetmə Qrupunun (LİQ) pilot olaraq Quba rayonunun (Şimal zonası) Dağlı və Qələdüz icmalarında təşkil etdiyi üç günlük paralel səfərbərlik seminarları öz işini uğurla başa çatdırdı.İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi respublikada icma inkişafının formalaşması, tərəqqisi və davamlılığının təmin edilməsi yolundakı fəaliyyətini bundan sonra da ən uğurlu təcrübələr və öyrənilmiş dərslər əsasında davam etdirəcək, Dağlı və Qələdüz kimi çox icmalara dəstək olacaq. Qədəmlərin uğurlu olsun, AzKİL-2!

    Bölmələr: main