» main » AzKİL 2 - ƏTRAF MÜHİT ÜZRƏ İDARƏETMƏ PLANININ İCTİMAİYYƏTƏ AÇIQLANMASI

 
 
 

AzKİL 2 - ƏTRAF MÜHİT ÜZRƏ İDARƏETMƏ PLANININ İCTİMAİYYƏTƏ AÇIQLANMASI

Baxılıb: 473

  • Tarix: 11-03-2011, 21:57
  • İcmaların davamlı inkişafı üçün təbii sistemlərin qorunub saxlanması, onların bütövlüyü və həyattəminedici funksiyalarının dəstəklənməsi, həyat keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlamlığı və regionların ekoloji təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyət strategiyasında önəmli mövqe tutmaqdadır.

    Regional infrastrukturun davamlı inkişafı sahəsində prioritet layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin bariz göstəricisi olan ətraf mühit seminarları qarşıya qoyduğu "İkinci AzKIL Ekoloji İdarəetmə Planı"nın ictimaiyyətə tanıtmaq missiyasını da müvəffəqiyyətlə yerinə yetirdi, əməkdaşlıq edilən icmaların, yerli icra və bələdiyyə orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmə, QHT nümayəndələrini bir araya gətirərək bu silsilə tədbirlərin əhəmiyyətliliyini bir daha təsdiq etdi.

    10 mart, 2011-ci il tarixdə Şimal zonasının İsmayıllı şəhərində baş tutan Ətraf mühit seminarını Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, Bacarıqların Artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova açdı və ardından "Dünya Bankının ekoloji siyasəti "mövzusunda təqdimat etdi.

    - Azərbaycan Hökuməti və Dünya Bankı arasında olan razılaşmaya əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən genişmiqyaslı İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin mövcud zonalarına daxil olmayan yeni 11 rayon da əlavə olmaqla ölkənin bütün rayonlarında reallaşmasının planlaşdırıldığı, layihəyə əlavə edilmiş yeni ərazilərdə ekoloji cəhətdən həssas obyektlər olduğu üçün (Milli Parklar, Dövlət Qoruqları və s.) icma layihələrinin seçimi barədə qərarvermənin təkmilləşdirilməsi məqsədilə İkinci AzKIL Ekoloji İdarəetmə Planı hazırlanmışdır. Bu dəfəki Ətraf Mühit Seminarlarının məramını, maliyyələşdiriləcək icma layihələrinin ekoloji məsələlərinin həlli üçün çərçivə sənədi olan Ekoloji İdarəetmə Planını ictimaiyyətə tanıtmaq təşkil edir.

    Azərbaycan Respublikasının dünyanın ən böyük mötəbər maliyyə qurumu olan Dünya Bankı ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu, maliyyələşdirilmiş bu layihələrin ölkəmizin ictimai-sosial inkişafına böyük təsir göstərdiyini qeyd edən G.Qənbərova çıxışına davam etdi:

    - Dünya Bankının fəaliyyətində Ətraf Mühit strategiyası önəmli yer tutmaqdadır. "Beynəlxalq Maliyyə Korparasiyası","Çoxsaylı kreditlər üzrə zəmanət agentliyi" və nəzdində fəaliyyət göstərən "Rəsmi inkişafa dəstək qurumu"nun əməkdaşlığı ilə bu strategiyanı həyata keçirən Dünya Bankının sözügedən missiyası "Yaşıl inkişaf" adlanır."Yeni bitki növlərinin yaradılması və yaşıllığın inkişafı", "Yaşıllığın inkişafı və yoxsulluğun azaldılması məqsədilə milli resursların cəlbi edilməsi","Ekologiyaya təsir göstərəcək mənfi amillərin - ekoloji risqlərin layihələrin həyata keçirilməsi zamanı idarə olunması" kimi komponentləri birləşdirir.

    İsmayıllı rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayevə söz verildi:

    - Ərazidə həyata keçirilən layihələrdə ekoloji tarazılığın qorunmasına göstərilən diqqət mütəmadi olaraq gündəmdə yerini qorumaqdadır. Ətraf mühit risqlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər, özəlliklə də "Məişət tullantıları poliqonu"nun fəaliyyəti sayəsində atmosfer çirklənməsinin qarşısı alınmışdır. Beləki, rayon ərazisində 30 hektar ərazini zəbt etmiş olan zibilliyin 25 hektarı təmizlənib poliqona çevrilmiş, və cəmi 5 hektar yerdə məişət tullantılarının zərəsizləşdirilməsi - təmizlənmə, çeşidlənmə prosesləri reallaşdırılmaqdadır.

    Ağsu rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İqbal Mikayılov da təmsil etdiyi rayonda bu sahədəki fəaliyyətdən, AzKİL-in maddi dəstəyi ilə uğurla həyata keçirilmiş "İcməli su təminatı" layihəsinin icra prosesi zamanı ətraf mühitin qorunması yönündə həyata keçirilən tədbirlərdən söz açdı, əhalinin sağlamlığının sosial və ekoloji rifahla qırılmaz vəhdət təşkil etdiyini səsləndirdi.

    Seminarın işi AzKİL Proqram mütəxəssisi Akif Kərimlinin (Şimal zonası) çıxışı ilə davam etdi:

    - Ətraf mühitin qorunması, əhalinin sağlamlığı və regionların ekoloji təhlükəsizliyinin təmin edilməsi "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin fəaliyyətində müstəsna yer tutmaqdadır. Təbii sistemlərin mühafizə edilməsi və ətraf mühitin müvafiq keyfiyyətdə qorunub saxlanması, icmalarda sağlam ətraf mühitə qarşı məsuliyyətin yaranması, sosial infrastruktur layihələrin həyata keçirilməsində ekosistem sferasına aid olan məsələlərin aktuallığı AzKİL-in ekoloji siyasətinin əsas istiqamət və yanaşma prinsiplərini təşkil edir.

    A. Kərimli AzKİL-in maddi vəsaiti ilə həyata keçirilən icma layihələrinin icrası müddətində ətraf mühitin qorunmasına yönələn diqqətdən, dövlət struktur və orqanlarının bu proseslərdəki yaxın iştirak və dəstəyindən söhbət açdı.

    Daha sonra "Demokratiyanı öyrənmə" ictimai birliyinin sədri Firdovsi Cavadov bütün dünyada ekologiya sferasına göstərilən diqqət, bu yöndə mövcud olan problemlərin çözümünə yönələn fəaliyyətləri dilə gətirərək, Azərbaycan Respublikasının davamlı inkişafı üçün təsərrüfat, regional və lokal infrastrukturların ekoloji baxımdan əsaslandırılmış tərzdə yerləşdirilməsi, subyekt imkanları və spesifikasından maksimum istifadənin ekologiya sahəsindəki regional siyasətin əsasını təşkil etdiyini vurğulayaraq ölkəmizdə bu sahədə fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının işindən danısdı.

    "AzKİL-2 Ekoloji idarəetmə planı" adlı təqdimatı ilə texniki elmlər namizədi, AzKİL-in Ətraf mühit üzrə məsləhətçisi Telman Zeynalov məruzə etdi:

    - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının təhlükəsizlik siyasətinin Ekoloji Qiymətləndirmə prosesində müvafiq ekoloji qiymətləndirmə üsulunu müəyyənləşdirmək üçün ümumi ilkin seçim, Azərbaycanda mövcud olan ekoloji-normativ aktlarla və dövlət milli park, yasaqlar və qoruqlara dair mövcud ekoloji qanunlara uyğunluq, sosial qiymətləndirmə ilə əlaqələr, alternativlərin təhlili, ictimai iştirak, insan qaynağı və təşkilatlarla məsləhətləşmələr, informasiyanın açıqlanması kimi məsələlər aktuallıq daşıyır. Kənd təsərrüfatının inkişafında və ərtaf mühitin qorunub saxlanılmasında gəlir gətirən və kənd sakinlərinin yaşayış təminatını yaxşılaşdıracaq olan korporasiya şəklində əkin sahələri, fermer təsərrüfatı birliklərinin yaradılmasında pilot mikro-layihələr həyata keçiriləcək. Layihəyə cəlb edilən tərəfdaşların icma layihələrinin hazırlanması, icrası üzrə ekoloji idarəetmə bacarıqlarının artırılmasını hədəfləyən ekoloji təlimlər veriləcək, sahələrdə yaranan tullantılar məsələsinə mikro-layihə dizaynı vaxtı ciddi diqqət göstəriləcəkdir.

    T. Zeynalov Ekoloji Qiymətləndirmənin icra mərhələləri, təşkilati mexanizmlərindən, AzKİL icma layihələrinin potensial ekoloji təsirindən, xüsusi mühafizə olunan təbiət əraziləri - qoruq, yasaqlar, milli parklar haqında da müfəssəl məlumatlar çatdırdıqdan sonra, 22 oktyabr, 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dünya təcrübəsindən geniş yararlanmaq, ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə imzaladığı "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamla iştirakçıları tanış etdi.

    - Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruriləşdirir. Hazırda bu istiqamətdə müsbət təcrübələr mövcuddur və dünyanın bir çox yerində günəş, külək, digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən ilə genişlənməkdədir. Ölkəmizin kifayət qədər alternativ və bərpa olunan enerji potensialı bundan tam istifadəyə imkan verir.

    T. Zeynalov daha sonra ekologiya sahəsində dərc olunmuş kitab və broşurlardan, bu şərhin ardından dunyada və ölkəmizdə baş verən təbii fəlakətlərdən (daşqın, sürüşmə, zəlzələ, külək və qar qasırğaları) də bəhs etdi, Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu ildə dünyada 245 (224-ü təbii faktorlarla bağlıdır) fəlakətin qeydə aldığını bəyan etdi.

    Konfransın işi "AzKİL-2 Ekoloji idarəetmə planı" təqdimatının müzakirəsi və konfrans iştirakçılarının sual-cavab diskussiyası ilə davam etdi. Konfrans iştirakçıları onları maraqlandıran sualları Telman Zeynalova ünvanladılar:


    Sual: Firdovsi Cavadov - "Demokratiyanı öyrənmə" ictimai birliyinin sədri

    - AzKİL icma layihələrinin potensial ekoloji təsir sisteminin ümumi mənzərəsi necə olacaq?

    Cavab: Telman Zeynalov - AzKİL-in Ətraf mühit üzrə məsləhətçisi

    - AzKİL icma layihələrinə kənd yolları, su təminatı, kanalizasiya, elektrik enerjisi, kiçik körpülər, kiçik irriqasiya sistemləri, məktəblər və bağçalar, sağlamlıq mərkəzləri, icma mərkəzləri və s. daxil edilə bilər. AzKİL-in nəzərdə tutulan yeni iqtisadi zonalarında ekoloji həssas ərazilər vardır ki, bunlar 5 qoruq, 7 yasaq və 1 Şahdağ milli parkıdır. Bu ərazilərdə "Ətraf mühitin mühafizəsi" planı olmadan layihə həyata keçirilməsi qəti qadağandır. Şahdağ milli Parkında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xüsusi yazılı razılıq əldə edildikdən sonra mümkün ola bilər.Yuxarıda sadalanan mikro-layihələrin yalnız bir qismini Yasaqlarda və Şahdağ Milli Parkında reallaşdırmağa izn var. Məsələn, Yasaqlarda və Şahdağ Milli Parkında - içməli su, artezian və subartezian quyuları, kənddaxılı və kəndarası yollar və digər kənd təsərrufatına dair layihələri həyata keçirmək məqsədilə xüsusi razılıq sənədi əldə edilməlidir.

    Sual: Bəhruz İsayev - İsmayıllı rayonu, Qalıncaq icması, İLK sədri

    - Ekoloji Qiymətləndirmənin icra mərhələsi olan ekoloji cəhətdən seçimin tərkib hissəsi nədən ibarətdir ?

    Cavab: Telman Zeynalov - AzKİL-in Ətraf mühit üzrə məsləhətçisi

    - Hər bir iddiaçı icma / assosiasiya, təklif olunan mikro-layihənin ilkin ekoloji cəhətdən seçimini aparacaq və ekoloji kateqoriyanı müəyyənləşdirəcəkdir.

    Sual: Almaz İsayeva - İsmayıllı rayonu, Qalıncaq icması, İLK üzvü

    - Təbii sistemlərin deqradasiyasının fəsadları nələr ola bilər ?

    Cavab: Telman Zeynalov - AzKİL-in Ətraf mühit üzrə məsləhətçisi

    - Təbii sistemlərin deqradasiyasının davam etməsi biosferin sabitliyinin pozulmasına, onun bütövlüyünə və həyat üçün zəruri keyfiyyətini qoruyub saxlama qabiliyyətini itirməsi deməkdir.

    Sual-cavab diskussiyasından sonra Ətraf Mühit haqqında filmin nümayişi oldu. Nümayişdən sonra Qiymətləndirmə hissəsinə yer verildi. Konfrans G.Qənbərovanın yekun nitqi ilə işinə yekun vurdu.

    Bölmələr: main