» main » Bacarıqların artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların artırılması üzrə Regional Konfranslar

Baxılıb: 584

  • Tarix: 9-12-2010, 21:32
  • Noyabr - dekabr aylarında AzKİL Layihə İdarəetmə Qrupu Köməkçi Heyəti Naxçıvan, Şimal və Şimal-Qərb zonalarında Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi."Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən il ərzində bir dəfə hər layihə zonasında keçirilən Bacarıqların artırılması üzrə Regional Konfranslar işini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar münasibətlərin yaradılması və davamı, qarşılıqlı yararlanma zəminində qurmaqdadır. AzKİL-in önəmli fəaliyyət istiqamətlərindən olan İcma Şəbəkəsinin tərkibində müstəsna mövqeyə sahib Bacarıqların artırılması üzrə Regional Konfranslarda icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək tədbir iştirakçıları ilə bölüşür, icma inkişafı sahəsində bilik və bacarıqlarını artırırlar.

    Naxçıvan zonası

    Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən keçirilən ilk tədbir öz işinə 11 noyabr, 2010-cu il tarixdə Naxçıvan MR-da start verdi. Naxçıvan şəhərində düzənlənən tədbirin açılışında çıxış edən AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Naxçıvan Regional Məsləhət Mərkəzinin direktoru Xəlil Əliyev, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva, Proqram mütəxəssisi Əbülfət Əhmədov, icma inkişafı / monitorinq işçisi Yəməntac Əmirova icma inkişafında biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının mühüm əhəmiyyətliliyini vurğulayıb regionun sosial-iqtisadi sahədə qazandığı nailiyyətlərin özəyini Naxçıvan Hökumətinin bu sferaya göstərdiyi yüksək diqqət və qayğı, eləcədə icmaların yerli icra orqanları, bələdiyələlərlə sıx əməkdaşlığının rolu ilə əlaqələndirdilər, AzKİL-lə uğurlu əməkdaşlıq zəminində İlkin mərhələdə gerçəkləşdirilmiş 104 icma layihəsi sayəsində əhalinin həyat tərzi, iqtisadi vəziyyətinin yaxşılaşdığını bildirərək, hazırda texniki icra mərhələsində olan layihələr haqqında məlumat verdilər. Çıxışların ardından konfrans iştirakçılarının icmalarda həyata keçirilən layihələrlə, texniki icra zamanı əldə edilmış təcrübə və öyrənilmiş dərslərlə daha yaxından tanış olmaları üçün paralel qruplar halında sessiyalar təşkil olundu. Düdəngə (Şərur rayonu) İLK sədri Mübariz Şirəliyev "İcma layihələrinin icrasında icmanın iştirakı", Həmzəli (Şərur rayonu) İLK sədri Şamil Qəribov "İcma layihələrində dayanıqlığın təşkili" mövzularında təqdimatlarını konfrans iştirakçılarının nəzərinə çatdırdılar.

    4119 nəfər əhaliyə malik Düdəngə icmasının tarixi, ərazisi, əhalisi haqqında məlumat verən M. Şirəliyev AzKİL-in maddi dəstəyi ilə həyata keçirilmiş icma layihəsindən ətraflı bəhs edərək, qonşu Dəmirçi, Zeyvə, Maxta kəndlərinin ümumilikdə 10.497 nəfər əhalisinin də bundan faydalandığını söylədi. Digər qrupun təqdimatçısı S.Qəribov icma haqqında ilkin məlumat verdi, istismarda olan layihənin uğurundan danışaraq, əldə olunmuş nailiyyətin uzunmüddətlilik və dayanıqlılığına yardım məqsədi daşıyan icma fondundan fəxrlə söhbət açdı, bu fondun layihələr üzərində sahibkarlıq hissinin formalaşdırdğını, dayanıqlılığı üçün xüsusi rol oynadığını, insanların problemlər ətrafında toplaşmasında əvəzsiz vasitə olduğunu bildirib, AzKİL-in yalnız icma infrastrukturuna deyil, insanların mənəviyyatına da dəyişiklik gətirdiyini bəyan etdi.

    Konfransın fəxri qonağı - Yuxarı Yaycı (Şərur rayonu) icmasından Mirqasım Eminovun AzKİL-lə əməkdaşlıq mövzusundakı çıxışından və Yuxarı Uzunoba İLK sədri Elmira Quliyevanın AzKİL və icmalara həsr etdiyi şerindən sonra çatdırılan təqdimatlar ətrafında müzakirələr aparıldı. Əməkdaşlıq edilən icmaların inteqrasiyaya müvəffəqliliyi, icra strukturları ilə əlaqələrin irəliləməsi, liderlik xüsusiyyətlərinin özəlliklə təqdimat və çıxışlarda üzə çıxması, müsbət keyfiyyətlərin icma üzvləri tərəfindən əxzinin gələcək layihələrin həyata keçirilməsində faydalılığı, sahibkarlıq və özünəinam hissinin yüksək səviyyəsi, öyrənilmiş dərslərdən yetərincə "dərs almaq", təqdimatetmə bacarıqlarının təkmilləşməsi, qadınların icma inkişafında yaxın iştirakının mütləqliliyi, eləcə də qadın liderlərin təcrübəlrindən yararlanmaq kimi xüsuslar interaktiv müzakirələrdə nəticə və faydalı cəhətlər kimi irəli sürüldü. İcma inkişafı / monitorinq işçisi Yəməntac Əmirovanın xülasəsindən sonra sertifikat və xatirə hədiyyələrinin təqdimi oldu. Qiymətləndirmə bölümünün ardından Gülbəniz Qənbərova Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən olan ilk cari toplantının işini yekun nitqi ilə başa çatdırdı.

    Şimal zonası

    Bacarıqların Artırılması üzrə Regional Konfransların ikinci tədbiri 25 noyabr, 2010-cu il tarixdə Şimal zonasının İsmayıllı şəhərində baş tutdu. 20-dən çox icmanın 70-ə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirin aşılışında AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, İsmayıllı rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva, Proqram mütəxəssisi Akif Kərimli (Şimal) çıxış etdilər, icma inkişafı sahəsində biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının böyük əhəmiyyətliliyini söylədilər.

    Açılış nitqlərinin ardından "AzKİL - Əlavə Maliyyələşdirnmə dövründə" və Dünya Bankının sifarişi ilə çəkilmiş "Azərbaycan Kənd İnvestisiya Layihəsi" filmləri nümayiş etdirildi. İcma inkişafının geniş vüsət aldığı dövrdə hökumətin Azərbaycan xalqına diqqətinin parlaq təzahürü olan AzKİL-in, Respublika Prezidenti Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı haqda verdiyi məlum fərmana müvafiq olaraq uyğun, üzvi şəkildə, layiqincə həyata keçirilməsini əks etdirən hər iki film konfrans iştirakçılarında böyük maraq doğurdu. Nümayişdən sonra tədbir iştirakçılarının icmalarda gerçəkləşdirilən layihələr, texniki icra mərhələsi zamanı mənimsənilmiş təcrübə və öyrənilmiş dərslərə bələd olmalarını hədəfləyən və paralel qruplar halında keçirilən sessiyalar işinə başladı. İlk iki qrup sessiyalarında Mübariz Ağayev (Şamaxı rayonu, Məlikçobanlı icması, bələdiyyə sədri) "Icma layihəsinin istismarı və dayanıqlığı " və Sadıq İsayevin (İsmayıllı rayonu, Qalıncaq icması, İLK sədri) "Icma səfərbərliyində uğurlar" mövzularındakı təqdimatları dinlənildi.

    2700 nəfər əhalinin yaşadığı Məlikçobanlı icmasını konfransa tanıdan M. Ağayev AzKİL-in maddi dəstəyi ilə həyata keçirilmiş "İçməli su təminatı" layihəsi (5550 m.uzunluğunda su xətti, 25 ədəd bulaq, 1 ədəd bulaq kompleksi), onun istismarı və uzunmüddətliliyi, ətraf mühitə təsiri, dayanıqlıq fondu, öyrənilmiş dərslər, qazanılmış uğurlar haqqında danışdı.

    S. İsayev də Qalıncaq icması (əhali sayı 2292 nəfər) barəsindəki ümumi şərhinin ardınca AzKİL-lə əməkdaşlıq sayəsində ərsəyə gəlmiş " Yolun bərpası" layihəsi (5400 m.yol), problemin seçimi, prioritetləşdirilməsi, izahı və həlli yolları zamanı icmanın yaxın iştirakı, dayanıqlıq fondunun fəaliyyətini sessiyaya təqdim etdi.

    Sonrakı iki qrup sessiyalarından biri, 1994-cü ildə yaradılmış, fermer və torpaq sahibkarlarının beynəlxalq standartlara cavab verən informasiya, bilik yayımı və məsləhətçilik xidmətlərini yerinə yetirərək respublikanın kənd təsərrüfatı istehsalı ilə məşğul olan özəl təsərrüfatlarına və torpaq mülkiyyətçilərinə yardım edib sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmaq məqsədi daşıyan "ELAT Aqrobiznes Konsaltinq Mərkəzi"nin məsləhətçisi Asif Quliyevin "Ağdam rayonunda sosial-iqtisadi inkişaf layihəsi" mövzusundakı təqdimatını əhatə etdi. A.Quliyev təqdimatında yeni salınmış qəsəbələrdə məcburi köçkün və qaçqınlar üçün tərəvəzçilik sahəsində bacarıqların artırılmasından ətraflı bəhs edərək, layihənin ilkin hazırlıq mərhələsindən, layihə üzrə fəaliyyət və əldə olunmuş son nailiyyətlər barəsində dolğun məlumat verdi.

    İkinci qrupda isə bələdiyyələrin yerli özünüidarə institutu kimi inkişafı, yoxsulluğun azaldılması, sosial-iqtisadi inkişaf üzrə dövlət siyasəti, proqramları, strategiyasının dəstəklənməsi və monitorinqi, sosial infrastrukturun bərpası, Dövriyyə Fondunun inkişafı və idarə edilməsi, ödənişsiz hüquqi yardım xidmətinin təşkilatlanması kimi strateji istiqamətlər hədəfləyən və 2001-ci ildən respublikanın mərkəzi regionunda fəaliyyət göstərərək yoxsul və aztəminatlı insanların hüququnu qorumaq, hər hansı qərar qəbulu prosesində fəal iştirakını təmin etməklə məşğul olan "ARAN Humanitar Regional İnkişaf Təşkilatı"nın aparıcı mütəxəssisi Elbəy Quliyevin təqdimatı dinlənildi. O, təqdimatını iqtisadi imkanların artırılması üzrə həyata keçirilən "Maddi rifah halının yaxşılaşdırılması" və "Mərkəzi regionda yoxsul fermerlərə dəstək" layihələri üzərində qurdu.

    Konfrans iştirakçıları qrup təqdimatlarından sonra çıxışlar ətrafında aparılan müzakirələrin nəticələrini icmaların gələcək fəaliyyətində tətbiq etmək üçün tövsiyyələr hazırladılar. İcma nümayəndələrindən Rövşən Şirəliyev (İsmayıllı rayonu, İsmayıllıkənd icması, İLK sədri), Məzahir İbrahimov (Ağsu rayonu, Ərəbuşağı icması, İLK sədri), Almaz Mustafayeva (Göyçay rayonu, Mirzəhüseynli icması, İLK sədri) və digərlərinin, eləcədə Konfransın qonağı, Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupunun üzvü cənab Peter Reidin təqdimatçılara ünvanladıqları suallar cavablandırıldı və sonra fasilitatorların qrup işlərinin nəticələri barəsindəki məlumatları dinlənildi. Həyata keçirilən layihənin dayanıqlığı və istismarının düzgün təşkili, nəzarət edilməsində icma və bələdiyyə üzvləri, icra nümayəndəliyindən ibarət komissiya yaradılması, icma töhfəsinin yığılmasında şəffaflığın artırılması və bu sahədə bütün təbliğat vasitələrindən istifadənin vacibliyi, qadınların icma fəaliyyətinə daha yaxından cəlbinin böyük səmərə verdiyi irəli sürüldü. Sosial qrupların icma işinin bütün mərhələlərində fəal iştirakına nail olmaq, ağsaqqal və nüfuzlu insanların dəstəyindən yararlanmaq, problemlərin həllində gənc nəslin nümayəndələrinə xüsusi imkan yaratmaq, texniki təhlükəsizliyə, ətraf mühitin qorunmasına diqqət yetirmək və bu kimi məsələlərin zəruriliyi də özəlliklə qeyd edildi.

    Diplom, sertifikat, xatirə hədiyyələrinin təqdimatı və konfransın qiymətləndirilməsi bölümündən sonra AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən olan növbəti toplantını yekun nitqi ilə sona çatdırdı.

    Şimal - Qərb zonası

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən olan cari ilin sonuncu-üçünüçü tədbiri 07 dekabr, 2010-cu il tarixdə, Şimal - Qərb zonasının Gəncə şəhərində keçirildi. Əməkdaşlıq edilən 15 icmanın 60-dan çox nümayəndəsinin bir araya gəldiyi tədbirin açılışında AzKİL-in direktoru Sübhan Əsgərov, Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva, Proqram mütəxəssisi Fəridə Eminova (Şimal-Qərb zonası) çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan islahatlardan, regionların inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, infrastruktur xidmətlərindən istifadəni yaxşılaşdırmağa yönələn dövlət proqramları arasında AzKİL-in xüsusi mövqeyindən, artıq ictimaiyyət tərəfindən böyük təqdir qazanmış fəaliyyətindən bir daha söhbət açıb, icma şəbəkələşməsi çərçivəsində görülən işlərdən, qazanılmış nailiyyətlərdən bəhs etdilər. Gədəbəy rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyev, Göygöl rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İlqar Məmmədov, Ağstafa rayon icra hakimiyyətinin nümayəndəsi Səbuhi Xanməmmədov hazırda zonada aparılan quruculuq işlərindən, açılan yeni istehsal sahələrinin fəaliyyətindən danışdılar, insanların rifahının günü-gündən yaxşılaşmasını dilə gətirərək, regionların sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan AzKİL-lə qurulan əməkdaşlıqdan qürur duyduqlarını, bu birlikdən böyük uğurlar qazanılaçağını bildirdilər.

    AzKİL haqqında filmin nümayişindən sonra "İnfrastruktur icma layihələri" başlığı altında işinə başlayan ilk iki paralel qrup sesiyalarında Ülkər Xəlilovanın (Goranboy rayonu, Qaradağlı icması, İLK üzvü) "İcma layihəsinin həyata keçirilməsində icma layihə komitəsi və hökumət strukturları arasında əməkdaşlıq" və Arif Bayramovun (Göygöl rayonu,Topalhəsənli icması, İLK üzvü) "İcma inkişafında sosial iştirakın əhəmiyyəti" təqdimatları çatdırıldı. Qaradağlı icmasının ilkin vəziyyəti, AzKİL-lə əməkdaşlıq, həyata keçirilmiş "Məktəbin təmiri" layihəsinin (1804 m2 fasad hissəsinin suvanma və rənglənməsi, 107 ədəd alüminyum pəncərənin və 34 ədəd plastik qapının quraşdırılması) icra və tamamlanma dövrlərində dövlət qurumlarının yaxından iştirakı və bu dəstəyin yararları, qazanılan uğurları geniş təfsilatla konfransa yetirən Ü. Xəlilova çıxışı ilə auditoriyanın böyük təqdirini aldı.Topalhəsənli icmasını təmsil edən A.Bayramov "Yolun bərpası" layihəsi (6100 m. yol, 20 ədəd su keçidi, 1200 m. yolkənarı arx), səfərbərlikdə sosial iştirakın faydaları, icmanın əldə etdiyi nailiyyətlərdən danışdı.

    "İcmanın məşğulluğu və iqtisadi imkanlar" adı daşıyan sonrakı iki paralel qrup sessiyaları ilə konfrans yüksək temp şəraitində işini davam etdirdi. Ağcabədi rayonu, Avşar icması, İLK üzvü Murad Cəfərov "İcmanın həyatında gəlir gətirən layihələrin rolu", Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyələşdirdiyi "Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf layihəsi"nin Milli Proqram Rəhbəri Oqtay Gülmalıyev eyni adlı təqdimatı ilə çıxış etdilər.Təşkilatın Baş texniki məsləhətçisi Valter de Oliveiranın təqdimatlar ətrafındakı mülahizələr və iştirakçıların yönəltdiyi suallara verdiyi cavabları II sessiyanın diqqət çəkən məqamlarından oldu. Aparılan interaktiv müzakirələri fasilitatorların qrup işlərinin nəticələri barəsindəki məlumatları izlədi və tədbirdə fərqlənən icma nümayəndələrinə AzKİL-in simvolik hədiyyələrinin təqdiminin ardınca konfransın işi bağlı elan olundu.

    AzKİL-in icma inkişafı sahəsində icmaların bilik və bacarıqlarının artırılmasına xidmət edən Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən olan hər üç tədbir bu dəfə də müvəffəqiyyətlə baş tutaraq qarşıya qoyduğu məqsədinə nail oldu.

    Bölmələr: main