» main » Dünya Bankı vitse-prezidentinin missiyası

 
 
 

Dünya Bankı vitse-prezidentinin missiyası

Baxılıb: 452

  • Tarix: 15-09-2010, 21:29
  • Yaxın günlərdə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Philippe Le Houerou Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərin məqsədi ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadilələri, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi yönündə işgüzar söhbətlər aparmaq olmuşdur. Dünya Bankının Vitse-Prezidentinin Azərbaycana etdiyi missiya çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyəti ilə də yaxından tanış olması üçün Bakı Ofisinin iclas salonunda dəyirmi masa düzənlənmişdir. (Azərbaycan Kənd İnvestisiya Layihəsi Dünya Bankının hazırda Azərbaycan Respublikasında maliyyələşdirdiyi 20 layihə içərisində yer tutmaqdadır)

    Mərasimdə Dünya Bankının Bakı Ofisinin keçmiş ölkə meneceri Qreqori Yedjeyçak, yeni ölkə meneceri Cozef Ouen, Cənubi Qafqaz üzrə regional direktor Əsəd Alam, Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, Baş Əməliyyat mütəxəssisləri Səidə Bağırlı, Rufiz Çıraqzadə, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Layihə Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva, AzKİL-in əməkdaşlıq etdiyi və fərqli iş təcrübəsinə malik icmaların nümayəndələri iştirak etdilər. Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Philippe Le Houerou toplantı iştirakçılarını salamladıqdan sonra missiyasının məqsədini açıqladı, icmalarda yerli infrastruktura investisiya qoymaqla infrastruktura çıxışı və xidmətləri artırmaq, yaşayış səviyyəsini yaxşılaşdırmaq, yoxsulluğu azaltmaq kimi məqsədlər hədəfləyən, kənd ərazilərində icma layihələri həyata keçirən Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətini əməkdaşlıq etdiyi icmaların nümayəndələrinin dilindən eşitmək arzusunda olduğunu bildirdi. Yeganə Məmmədova (Naxçıvan MR, Şərur rayonu, Aşağı Yaycı icması, İLK sədri) , Rübabə Əsgərova və Talıb İsgəndərli (Culfa rayonu, Camaldın icması, İLK sədrinin müavini və İLK üzvü), Vaqif Həsrətov (Ağdaş rayonu, Tofiqi icması, İLK üzvü), Həşim Həşimov (İsmayıllı rayonu, Mollaisaqlı icması, İLK üzvü), Almaz Bayramova (Goranboy rayonu, Qurbanzadə icması, İLK sədri), Sevda Vəliyeva (Goranboy rayonu, Faxralı icması), Yaşar Qarayev (Ağsu rayonu, Bico icması, İLK sədri), Əhliman Teymurov (Saatlı rayonu, Kamallı icması, İLK sədri), Etibar Əcəmov (Biləsuvar rayonu, Aşağı Ağalı icması, İLK sədri), Əbülfət Süleymanov (Ağdaş rayonu, Hüşün icması), Qurban İbrahimov (Göyçay rayonu, Qaraxıdır icması) icmalar tərəfindən hədəflənmiş ən vacib ehtiyaclara istinadən kənd infrastrukturunun müəyyən edilməsi, layihələndirilməsi, tikintisi, bərpası, istismarı, texniki xidməti sahəsində AzKİL-in həyata keçirdiyi fəaliyyətdən, Bacarıqların artırılması, Layihənin idarəedilməsi istiqamətindəki dəyərli xidmətlərindən söhbət açdılar, icma layihə dövriyyəsinin mərhələlərində icma üzvlərinin böyük inamla, yaxından iştirakından, layihə icrası ərəfəsindəki monitorinq, icma töhfəsinin toplanması və qeydiyyatı, davamlılıq, icma fondunun idarə olunması, icra zamanı ətraf mühitin qorunması, texniki təhlükəsizlik və s. məsələlərdən bəhs etdilər. Vitse-prezidentin ünvanladığı suallara ətraflı cavab verən nümayəndələr, icmaların uğurlu gələcəyinə təkan verəcək olan fikir və tövsiyyələrini də cənab Philippe Le Houerounun diqqətinə çatdırdılar. Dəyirmi masanın sonunda vitse-prezident respublikada geniş vüsət alan icma hərəkatının düzgün formalaşması, inkişafı və davamlılığının təmini istiqamətində yürütdüyü uğurlu missiyasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin rəhbərliyi, əməkdaşlarına yeni-yeni nailiyyətlər dilədi, təşəkkülünə müvəffəq olduğu, icma inkişafı sahəsində bacarıq və vərdişlərini artırmış, müstəqil inkişaf yoluna qədəm qoymuş, özü-özünə dəstək verməyi başaran, mənimsədikləri təcrübə və aldıqları təlimə əsasən ətraf ərazilərdə məskunlaşmış digər icmalara dərslər verən, onlarla təcrübə mübadiləsi aparan, inteqrasiyanin geniş imkanlarından istifadə edib böyüyərək icma əsaslı təşkilat kimi tanınan, inkişaf yolunda əzmlə irəliləyən icmalara uğurlu sabahlar arzuladı, tədbirin gedişatından məmnunluq duyduğunu dilə gətirdi. Mərasim, iclas salonunun foyesində nümayiş etdirilən nəfis şəkildə qurulmuş və böyük maraqla qarşılanan ən uğurlu icma layihələrinin ustalıqla hazırlanmış maketlərinə baxış, daha sonra iştirakçıların Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Philippe Le Houerou ilə xatirə şəkli çəkdirməsi ilə başa çatdı.
    Ertəsi gün Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupu Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətini qiymətləndirmək və nəzarət missiyasını gerçəkləşdirmək məqsədilə əməkdaşlıq edilən icmalara səfər etmişdir. Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, Dünya Bankının Bakı Ofisinin rəhbəri Cozef Ouendən ibarət olan heyəti Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova və digər əməkdaşlar müşayiət etmişlər. AzKİL-in əldə etdiyi nailiyyətləri, həyata keçirilən icma layihələrinin prosedur qaydalara müvafiqliyini görüb yoxlamaq, nəzərdə tutulan strateji planların, dayanıqlıq və istismara nəzarətin gedişatı ilə, eləcədə icmalarda öyrənilmiş dərslər, mənimsənilmiş təcrübələrlə əyani tanış olmaq və təhlil etmək missiyanın əsas məramlarından idi. Şimal zonasına edilən səfər zamanı heyət həyata keçirilmiş və artıq istismada olan "İçməli su təminatı" (Şamaxı rayonu, Məlikçobanlı icması), "Yolun bərpası" (Ağsu rayonu, Pirhəsənli icması) layihələrinə baxmış, yaxın günlərdə icrasına başlanılacaq "Yolun bərpası" (İsmayıllı rayonu, Qalıncaq icması) layihəsinin hazırlıq prosesi ilə tanış olmuşdur. Ağsu rayon icra hakimiyyətinnin başçısı Ənvər Seyidəliyevlə görüş keçirən heyət, kənd sakinlərinin durumu, infrastruktura çıxışı və xidmətləri artırmağı hədəfləyən icma layihələrinin keyfiyyəti ilə yaxından maraqlanmışdır. AzKİL-in fəaliyyətini yüksək qiymətləndirən heyət missiyanın sonunda onun rəhbərliyinə təşəkkürünü bildirərək qazanılan uğurlarn davamını diləmişdir.

    Bölmələr: main