» ugur hekayeleri » Əlvənd İcmasında Hərəkətsizliyə Son

 
 
 

Əlvənd İcmasında Hərəkətsizliyə Son

Baxılıb: 686

  • Tarix: 22-12-2014, 16:52
  • Əlvənd kəndi Zərdab rayonunun ucqar kəndlərindəndir. Rayon mərkəzindən 23 km aralıda yerləşən, həyatını sıx şəkildə Kür çayı ilə bağlamış bu qədim (təqribən XV-əsr) kənddə, əhalinin illərlə yığılıb qalmış problemləri, onların həlli yolları barədə heç düşünülmürdü. AzKİL-in bu kəndə qədəm qoyduğu gündən, illərlə hökm sürən arxayınçılığa və biganəliyə elə bil son qoyuldu. İnsanlar sanki yuxudan ayıldılar. İştiraklı Kənd Qiymətləndirilməsi seminarında kəndin əsas potensialı olan bilik və savadları ilə seçilən insanlar aşkar edildilər. Bir sıra icmalarda müşahidə edilməyən böyük-kiçiyə hörmətin, həmrəyliyin şahidi olduq. Bu fakt bizim üçün icma seçimində əlbəttə ki, əsas amillərdən idi. Müvəffəqiyyətlə seçilən İcma Layihə Komitəsi üzvləri, əyani vəsaitlərin hazırlanması ilə bağlı verilən tapşırıqları təcili həll edərək, vaxt itirmədən təlimlərin verilməsi xahişi ilə ofisimizə müraciət etdilər. Təlimlərdə yüksək səviyyədə diqqət və çalışqanlıq nümayiş etdirən İLK üzvləri, əhalinin məhz onları seçməkdə, icmanın həyati məsələlərinin həllini onlara həvalə etməkdə yanılmadığını bir daha sübüt etdi. Təlimlər bitdi. Əlvənd İLK-i müstəqil bir qurum kimi icmanın hər hansı bir problemini layihələşdirib, sərbəst şəkildə donora müraciət edə bilərdi. İcmanın elə ilk donoru da AzKİL oldu. İnsanların uzun illər rahatlığını pozan yol problemi seçildi.Gediş-gəlişləri Əlvənd kəndindən keçən qonşu Otmanoba kənd sakinləri bu işə həvəslə qoşuldular. Əhalisinin az olması (765 nəfər) onların AzKİL-lə birbaşa əməkdaşlığına imkan vermirdi. İcma sakinləri problemdən qismən yaxa qurtarmağın yolunu əlvəndlilərə layihənin həyata keçirilməsində yaxından kömək və dəstək olmaqda gördülər. Axı layihənin uğuru yüzlərlə otmanobalının rahat gediş-gəlişinin təmin olunması demək idi.Layihə üçün nəzərdə tutulmuş 2,5 ay arxada qaldı. İcma sakinlərinin sevincinin həddi-hüdudu yox idi. İnsanlar illərdə arzusunda olduqları istəklərinə qovuşmuşdular. Yollardakı palçıqdan-zığdan nəhayət ki, yaxa qurtaracaqdılar.Birgə əmək öz bəhrəsini vermişdi. Kəndin əsas yolu və məhəllə yolları bərpa olunmuşdu. İcma sakinlərinin təşəbbüskarlığını qiymətləndirən Rayon İcra Hakimiyyətinin rəhbərliyi də öz töhfəsini əsirgəməmiş, yol kənarlarına əkmək üçün ağaclar veriləcəyini vəd etmişdir. Əlvənd İLK-si görülmüş işin davamlılığı barədə də düşünməyi unutmayıb. Yaradılmış davamlılıq fondu həyata keçirilmiş layihənin uzunmüddətli olmasının təminatçısı olacaq."Hərəkətsizliyə son! İndi çalışmaq, iş qurmaq, digər problemlərimizi də həll etmək lazımdır. Bunun üçünsə gərək olan nə varsa AzKİL tərəfindən bizə verilib. Hər şey özümüzdən asılıdır."- deyən əlvəndli və otmanobalıların əzmkarlığı başqalarına örnək olmalıdır. Bu yolda Sizə ancaq uğurlar diləyirik dostlar!

    Bölmələr: ugur hekayeleri