» ugur hekayeleri » Mollavaizli İcmasında Yolla Yenidən Doğuş

 
 
 

Mollavaizli İcmasında Yolla Yenidən Doğuş

Baxılıb: 641

  • Tarix: 22-12-2014, 16:46
  • 200 illik tarixə malik olan Mollavaizli kəndinin üz-üzə qaldığı problemləri arasında kənddaxili yolların bərbadlığı məsələsi hər zaman gündəmdə idi. Əsası 2002-ci ildə qoyulan və 2.000-ə yaxın əhalisi olan kənd icması indiyədək gücü yetdiyi qədər müəyyən işlər görmüş və bu fəaliyyətlər sayəsində səfərbərliyin bünövrəsini hazırlamışdı.Yol məsələsinin həlli üçün isə müxtəlif təşkilatlarla dəfələrlə bir araya gəlinsə də, birgəlik baş tutmamış, nəticədə icma sakinlərində bu tip qurumlara inam tamamilə öləzimişdi. AzKİL-ə də inamsızlıqla əməkdaşlığa gələn icma sonucda ümidinin təpədən-dırnağa doğrulacağını, həyata baxışının dəyişəcəyini, özünəinamla dolub daşacağını ağlına belə gətirmirdi.Kənd bələdiyyə sədri Sənan Mütəllimov icmanın öncəki və indiki ab-havasını belə ifadə edir: - Mövcud sosial problemlərin həll olunmaması, verilən saysız vədlərin yerinə yetirilməməsi, sakinlərimizi tamamən bədbinləşdirmiş, gələcəyə ümüdünü sarsıtmışdı. Ilk dəfə verilən vədin yerinə yetirilməsini AzKİL-in timsalında görən mollavaizlilərin mənəviyyatında canlanma, ruhlanma və inam bərqərar oldu.Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə vəsaiti ilə həyata keçirilən "Kənddaxili yolların bərpası" layihəsi Mollavaizlilərin illərlə davam edən əzab-əziyyətinə biryolluq son qoymuş, kəndiçi yollardan məhrum olan ərazidə möhtəşəm dönüş yaratmışdır. 8 km. uzunluğunda olan yol layihəsinin müvəffəqiyyətli bitişi Mollavaizlinin yenidən doğuşuna çevrilmiş, kənd sakinləri xəyallarında canlandırdıqları yola qovuşmuş, diləklər həqiqətə dönmüşdü. Layihənin davamlılığı üçün fəaliyyətdə olan nəzarət qrupu düzgün istismara, telekommunikasiya xətlərinin, qazın çəkilişində yolun zərər çəkməməsinə diqqət yetirir, bu prosesi şərtləndirən amillərin düzgün tətbiqinə səy göstərirlər. Artıq səfərbərliyin nə olduğunu kökünə qədər dərk edən, inkişafın yolunu tanıyıb əzmlə irəliləyən icma AzKİL-lə əməkdaşlıq zamanı öyrəndiyi təcrübə, bilik və bacarıqların işığında müstəqil olaraq yarar gətirəcək bir çox iş bacaracağına inanırdı.Və bu inamın məntiqi nəticəsi idi ki, tamamlanan layihədən sonra icma fondu, bələdiyyə vəsaiti hesabına yol idarəsinin texniki yardımı ilə kəndin bütün yolları (məhəllə, küçə) bir-biriylə birləşdirilmiş, yeni salınmış yaşayış massivinə yol çəkilmiş, Suvarma su sistemləri idarəsinin dəstəyi ilə kollektor-drenaj sistemi, kənddaxili suvarma kanalları təmizlənmişdir. İcmada 3.000 m-dən artıq qaz borusunun çəkilişi başa çatdırılmış, sayğac və qaz tənzimləyici qurğular quraşdırılmış, kənd əhalisinin qazdan rahatlıqla istifadə edə bilməsi üçün şərait yaradılmışdır. Icmadakı bu canlanma, bu birlik imkanlı şəxslərin də diqqətindən yayınmamış, xeyirxahlığı ilə tanınan Hacı Hacıağanın öz şəxsi hesabına kəndin orta hissəsində tikdirdiyi körpü gediş-gəlişi asanlaşdırmış, ərazidə sayca üçüncü olan bu tikili 1 km-lik yolun qısalmasına şərait yaratmışdır. Hal-hazırda isə icma sakinləri, bələdiyyə və daha bir neçə xeyirsevər şəxsin maddi imkanı hesabına tikintisi başa çatmaq üzrə olan məscidin istifadəyə verilməsi gözlənilir.

    Respublikamızda gerçəkləşdirilən ilk icma layihələrindın birinin məkanı kimi tanınan Mollavaizli kəndinin əhalisi indi Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıqda mənimsədikləri bilik, bacarıq və vərdişləri artırmağa çalışır, icmalarının inkişafı sahəsində faydalı dəyərlər qazanacaqlarına qəlbdən inanırlar.
    Mollavaizli İcmasında Yolla Yenidən Doğuş

    Bölmələr: ugur hekayeleri