» ugur hekayeleri » Piyadalar İcmasında İlk Addımın Sevinci

 
 
 

Piyadalar İcmasında İlk Addımın Sevinci

Baxılıb: 398

  • Tarix: 22-12-2014, 16:43
  • AzKİL-in Şimal-Qərb zonasında da infrastruktur yönündəki, kənd ərazilərində həyat şəraitinin yaxşılaşdırılması sahəsindəki təqdirəlayiq fəaliyyəti Bərdə rayonunun bütün icmalarında olduğu kimi Piyadalar icmasında da böyük maraq doğurmuşdu.Qonşu kəndlərin AzKİL ilə əməkdaşlıq edərək öz problemlərini həll etdiyini görən icma sakinləri AzKİL-ə müraciət etmək qərarına gəldilər. Piyadalar icmasının sakinləri də illər boyu problemlərdən əziyyət çəkmiş, lakin səfərbərliyə meylli olduğundan bir sıra işlər həyata keçirməyi bacarmışdı. Son illər isə insanlar sanki birləşərək problemləri həll etməyi unutmuş və bu unutqanlıq onları çətinliklərə üzləşdirmişdi. Belə ki, icmanın mərkəzi yolu tamamilə yarıtmaz vəziyyətə düşmüş, gediş-gəliş, nəqliyyatın hərəkəti son dərəcə çətinləşmişdi.Bu bərbad durumdan qurtulmaq üçün AzKİL-ə edilən müraciət, layihə meyarlarına uyğun olduğu təsdiqləndikdən sonra qəbul olundu və səfərbərlik tarixi müəyyənləşdirildi.O gün səfərbərçilər komandası icmada prosesin keçiriləcəyi əraziyə yaxınlaşdıqda təəccüblərini gizlədə bilmədilər. Qurulmuş böyük mağarın ətrafına uzlərindən sevinc yağan yüzlərlə insan yığılmış,çevrəni əsl bayram ab-havası bürümüşdü. Bir tərəfdə çaylar süzülür, digər tərəfdə şirniyyatlarla bəzənmiş masalar hazırlanırdı.Əməkdaşlar burada toy və ya nişan mərasiminin olduğunu güman edərək təəccüb və maraqla nə baş verdiyini öyrənmək istədiklərində yaxınlaşan icma ağsaqqalları onları vaqeədən agah etdilər.Sen demə təntənə məhz bu günkü səfərbərlik üçün qurulmuş və hər kəs səbirsizliklə onların yolunu gözləyirmiş. Şirniyyat və çay süfrəsinə gəldikdə isə, birağızdan "İlk addımımızın sevincini yaşayırıq , yenidən bir yumruq kimi birləşməyimizi bayram edirik" cavabını eşıtdilər. Səfərbərlik prosesi xoş əhval-ruhiyyə,qarşılıqlı anlaşma içərisində, uğurla başa çatdı. Seçilmiş İcma Layihə Komitə üzvləri ağsaqqalların, ağbirçəklərin xeyir-duasını aldı. İcma sakinləri yekdilliklə seçilən problemin tezliklə həll olunacağına inanır, layihənin istədikləri kimi nəticələnəcəyinə güvənirdilər. Əmək, eləcə də pul töhfəsini ödəməyə hər kəs könüldən səfərbər idi. Piyadalar icması təlim, layihə təklifinin hazırlanması və tender proseslərində də nikbinlik nümayiş etdirir, irəli atılan hər addımın sevincini yaşayırdılar. Sanki uzun fəaliyyətsizlikdən sonra icma yenidən canlanmış və bu oyanış hamıya sirayət etmiş, təsirini göstərmişdi. Bahar ərəfəsində qəlblərdə yaşanan bu sevinc uşaqdan- böyüyə, hər kəsin simasında əks olunmuşdu.2010-cu il baharı təravət, bərəkət, hərarəti ilə yanaşı Piyadalar sakinlərini bərpa olunmuş yola da qovuşduracaq, xalqımızın dünyanın özü qədər qədim adət-ənənələrini yaşadan Novruz bayramı onlara ikiqat fərəh yaşadacaqdı.Yol, hər işin, hər əməlin başlanğıc nöqtəsi,təməl mənbəsidir.Və ucsuz-bucaqsız bu yollarda atılan ilk addımlar qətiyyət, inam, saf niyyətdən doğarsa, yolun sonu uğura qovuşar. Piyadalar sakinləri də elliklə birləşib ilk addımlarını atdılar - sonunun uğur və sevinc gətirəcəyinə qəlbdən inandıqları bir addım!

    Bölmələr: ugur hekayeleri