» ugur hekayeleri » İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

 
 
 

İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

Baxılıb: 585

  • Tarix: 22-12-2014, 16:35
  • Keçən illər ərzində Kür daşqınlarının törətdiyi fəsadlar Neftçala rayon mərkəzindən 70 kilometr şimalda yerləşən Beşdəli icmasından da yan keçməyib. Daşqınlar birbaşa olaraq icmaya ziyan vurmasa da, 1984-cü ildə çiy asfaltla çəkilən yol Kür çayının deltasının dərinləşdirilməsi məqsədilə istifadə edilən ağır texnikanın bu kəndin içərisindən daşıması nəticəsində bərbad vəziyyətə düşüb. Bu acınacaqlı vəziyyəti həm icmaya gələn yolda, həm də ki, icmadaxili yollarda müşahidə etmək mümkün idi. Yağışlı günlərdə 6-7 yaşlı ibtidai sinif şagirdlərinin ayaqlarına plastik torbalar bağlayaraq kələ-kötür yollarla məktəbə getməsinə tamaşa etmək insanın ürəyini ağrıdan bir mənzərə idi. Yolun istismarına cavabdeh olan müvafiq qurumların xırda təmir işlərini yerinə yetirməsi vəziyyəti yaxşıya doğru dəyişə bilmədiyindən Beşdəli sakinləri AzKİL-ə pənah gətirəsi olublar.
    Burada əhalinin böyük əksəriyyəti ziyalı təbəqənin nümayəndələridir. Neftçala rayonundan olan yeganə milli qəhrəman Xanoğlan Məmmədov da məhz bu kənddəndir.
    Beşdəli icması əvvəllər heç bir yerli və yaxud xarici humanitar təşkilatlarla iş təcrübəsinə malik olmasa da, onların bu gün də istifadə etdikləri icma fondu var. Bundan əlavə icmanın öz daxili təşəbbüs və səyi nəticəsində ərsəyə gətirdiyi xeyir-şər mağarı da mövcuddur. Adətən yası düşən ailəyə çadır və avadanlıqlar təmənnasız olaraq, 120 manat pul isə müəyyən vaxtdan sonra geriyə qaytarılmaq şərti ilə verilir. Belə bir işlək mexanizmin icmada mövcudluğu onu göstərir ki, Beşdəlidə icma anlayışı hansısa bir formada var və insanlar lazım olan vaxt bir araya gələrək ehtiyacı olan insanların problemlərini həll etmək iqtidarındadırlar. Beşdəlinin məhz bu kimi keyfiyyətləri AzKİL-in diqqətini cəlb etməyə bilməzdi.
    AzKİL rəsmən 2013-cü ilin oktyabr ayında 1,050 nəfər əhalisi olan Beşdəli icmasının səfərbərliyinə start verib. Bu proses zamanı ən vacib problem kimi təbii ki, yolların bərbad vəziyyətdə olması önə çəkildi. Bələdiyyə sədri Elman Soltanov etiraf edir ki, il ərzində vətəndaşlardan toplanan verginin əsasında formalaşan bələdiyyə büdcəsi 7000 manatdan çox olmur. Bu da təbii ki, icmada mövcud olan sosial problemlərin həllini tapması üçün olduqca cüzi bir məbləğdir. Amma bugün biz inanırıq ki, problemimizin çarəsi yalnız AzKİL ilə əməkdaşlıqdadır.
    İcma qrupunun aktiv üzvlərindən biri olan Şəhrəbanu Əhmədova deyir ki, oktyabr ayında baş tutmuş ilkin səfərbərlik mərhələsində camaat arasında inamsızlıq var idi. Lakin qonşu Qaraqaşlı icmasında AzKİL-in dəstəyi ilə icrasına başlanılan yol layihəsi bu inamsızlığa son qoydu. Artıq növbəti mərhələdə tərkibi 6 qadından ibarət icma qrupu formalaşdı. AzKİL icmanın təklif etdiyi kənddaxili yolların bərpası layihəsini dəstəkləməyi qərara aldıqdan sonra 2013-cü dekabr ayında layihəyə start verildi. Layihənin başlanılması üçün icma və Bələdiyyə, həm nəğd, həm də əmək töhfəsi vermək üçün səfərbər oldular. Uzunluğu 3,5 km yola çınqıl örtüyü töküldü və 1,2 km ərazidə yolkənarı arx təmizlənərək layihə 2 həftə ərzində yekunlaşd bı.
    Layihə həyata keçirilən zaman bələdiyyə sədri Elman Soltanov sevincini belə dilə gətirdi: Yolun təmiri bizim uğurumuzun bir hissəsidir. AzKİL bizim tək problemimizi həll etmədi, o həm də problemin həllinə dəstək verməklə icmanın bizə olan güvənini artırdı. Əgər qarşılıqlı inam və etibar varsa, deməli uğur da bizimlə olacaq.AzKİL Beşdəli icmasına rahat yol bəxş etməklə yanaşı, onlara özünəinam, özünəgüvən və özünəetibar hisslərini qaytardı. Amma irəlidə görüləcək daha çox işlər var. AzKİL komandası olaraq biz də inanırıq ki, Beşdəli icması AzKİL ilə qazandığı təcrübədən səmərəli şəkildə faydalanaraq qonşu icmaları bir araya gətirməklə daha iri layihələr icra edəcək və daha böyük uğurlara imza atacaq.
    İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

    İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

    İnamsızlığın Ümidlə Əvəz Olunduğu Beşdəli İcması

    Bölmələr: ugur hekayeleri