» ugur hekayeleri » RƏVAN İCMASINA APARAN YOL DA RƏVANDIR

 
 
 

RƏVAN İCMASINA APARAN YOL DA RƏVANDIR

Baxılıb: 637

  • Tarix: 8-04-2014, 13:49
  • ...Mart ayının sonları olmasına baxmayaraq hava cox soyuq və şaxtalıydı.Yolumuz başı qarlı dağlar qoynunda yerləşən səfalı Gədəbəy rayonunun İnəkboğan kəndinə idi. Mərkəzi yoldan sol tərəfə-üzü kəndə doğru yönələn yolun ensiz və inanılmaz dərəcədə bərbad olması ucbatından kəndin mərkəzinə böyük cətinliklə çatdıq. Şaxtalı hava burada bizi səbirsizliklə gözləyən kənd sakinlərınə əngəl ola bilməmişdi. Bizi qarşılayan yaşlı, gənc, qadın və uşaqların üzlərindəki nigaran baxışlar anidən sevinc hissləri ilə əvəz olundu, uzun illər sosial problemlərlə baş-başa qalmış insanların gözlərində ümid işığı yandı. İnəkboğanlılar aparılan söhbətlər zamanı kənddə mövcud olan çoxsaylı problemlər içərisində yol məsələsinin təcili çözümə ehtiyacı olduğunu yekdilliklə irəli sürdülər, qonşu kəndlərə, rayon mərkəzinə gediş-gəlişdə əzab çəkdiklərini və habelə gələn qonaqların əziyyətə qatlaşmaları qarşısında utanç duyduqlarını dilə gətirdilər. Kənd əhli, icma lideri Şahin Kazımovun rəhbərliyi ilə bu problemin həlli üçün Azərbaycan Kənd İnvestisiya Layihəsinə edilmiş müraciətə böyük inam və ümid bəslədiklərini vurğuladılar. Aprel ayının əvvəlində keçirilən İştiraklı Kənd Qiymətləndirilməsi seminarında Ş. Kazımovun çağırışı ilə 300 nəfərə yaxın icma sakini bir araya gəlmişdi. Səfərbərlik seminarında da fəal iştirak edən icma üzvləri hamı bir nəfər kimi yolun bərbad və yarıtmaz vəziyyətdə olması probleminə səs verdilər. İcma sakinlərinin seçdiyi qrup isə öz icmalarını Rəvan adlandırdılar. Və açıqlamaları da bu oldu ki, bütün işlərimiz rəvan getsin, çoxsaylı problemlərimiz öz həllini tapsın, eləcədə əsas ehtiyacımız olan yolumuz rəvan olsun. Seçilən ad uzun zaman keçmədi ki, özünü doğrultmağa başladı və qısa müddət ərzində Rəvan icmasında Yolun bərpası layihəsinin icrasına start verildi. Lider seçildiyi ilk gündən həmkəndlilərinin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edən, öhdəsindəki vəzifəsini layiqincə icra etməyə səylərini əsirgəməyən Şahin Kazımov görülən işlərə ciddi diqqət yetirir, mövcud nöqsan və çatışmamazlıqların vaxtında aradan qaldırılması üçün var qüvvəsiylə çalışırdı. Göstərilən bu cəhdlər bəhrəsini verdi və layihə böyük uğurla nəticələndi. İcmanın yolları bərpa olundu. Artıq İnəkboğanlılar yarıtmaz və bərbad olan o köhnə yolun əzab-əziyyətindən biryolluq qurtulmuş, gediş-gəliş, nəqliyyatın hərəkəti ücün rahat və rəvan bir yola qovuşmuşdular.

    ...Tezliklə yolumuz yenidən İnəkboğana düşdü. Əvvəllər 1 saatdan çox vaxt sərf etdiyimiz bu yolu, indi 10 dəqiqə ərzində qət etdik.Və yol boyu, əhalinin, nəqliyyatın yoldan rahatlıq və məmnunluqla istifadə etdiyinin şahidi olduq. Mənzil başına catdığımız zaman isə bizi əhatəyə alan sakinlər sevinclə Təşəkkürlər edirik! Artıq Rəvan icmasıın yolu rəvandır!deyə birağızdan səslənərək AzKİL-ə sonsuz və dərin minnətdarlıqlarını bildirdilər.

    Bölmələr: ugur hekayeleri