» ugur hekayeleri » DİRİLİK SUYU

 
 
 

DİRİLİK SUYU

Baxılıb: 604

  • Tarix: 8-04-2014, 13:42
  • Suyun qarşısını kəsən divlə mübarizə aparan qəhrəmanlardan bəhs edən nağılları hər kəs yaxşı xatırlayır. Bu nağıllarda susuzluqdan zillət çəkən əhali su üçün canlarını belə qurban verirdi. Muğan-Salyan zonasının Saatlı rayonunda yerləşən, 1810 nəfər əhalinin məskunlaşdığı Kamallı icmasının sakinləri də 30 ilə yaxın idi ki, suvarma su qıtlığı kabusunu aşa bilmirdi. Torpaqlar, əkin sahələri və bağların bağrı susuzluqdan yanır, sovet dövründən qalma ibtidai qurğu tələbatı ödəyəmədiyindən quraqlıq hökmünü sürdürürdü. 680 hektara yaxın əkin sahəsinin yararsızlaşması əhalinin əlini-qolunu bağlamış, onları usandırmışdı.Və bu su qıtlığı ucbatından icma nağıllardakı kimi "qurbanlar" verirdi. Belə ki, ailələrin çoxu naəlac qalıb icmanı tərk edərək başqa yerlərə köçür, doğma yurdlarından uzaq düşürdülər. Bu minvalla Kamallı icmasının yalnız adının qalacagı təhlükəsi sakinləri olduqca narahat etməkdəydi. Bax bu zaman icmanın həyatında nağıllardakına bənzər dönüşlər başlandı...

    2005-ci ildə Muğan-Salyan zonasında fəaliyyətə başlayan Azərbaycan Kənd İnvestisiya Layihəsi infrastrukturu zəif olan icmaları seçib onların ən əsas ehtiyacları üçün qrant ayırdığı zaman icma sakinləri ağsaqqallar və icma üzvlərindən ibarət qrupu AzKİL-in Saatlı ofisinə baş vurmağa təhkim etdilər. Onların müraciətləri tezliklə araşdırılaraq AzKİL-in meyarlarına uyğun olduğu müəyyənləşdirildi. Səfərbərlik prosesində kənd əhalisi fəallıqla iştirak edib suvarma suyuna olan ehtiyacın birinci sıralanmasına yekdilliklə səs verdi. Seçilən icma qrupu layihə təklifini hazırlayıb AzKİL-ə təqdim etdi...

    Səbirsizliklə gözlənilən "Suvarma sisteminin bərpası" layihəsi üç ay müddətində başa çatdı. 8 iyul 2006-cı il tarixi icma sakinləri üçün əsl bayrama çevrilərək təqvimdə qırmızı rəqəmlə qeyd olundu. Zəmzəm suyu, dirilik suyu deyə adlandırdıqları nemətə qovuşan icma bu günü bayram kimi qeyd edir. Uzun illər susuzluqdan çat-çat olmuş torpaqlar, quraqlığa çevrilmiş əkin sahələri suya qovuşduqdan sonra yenidən nəfəs almağa, canlanmağa başladı, dirçəldi. Xoş sonluqla nəticələnən bu nağılın " divə qalib gələn qəhrəman"ı isə - AzKİL oldu. Suyun çəkilməsindən, münbit təsərrüfat həyatının yaranmasından xəbərdar olan və məcburiyyət qarşısında öz torpaqlarını tərk edib köçən ailələr yurdlarına yenidən sahib çıxdılar. İcmada kənd təsərrüfatı sahələri yenidən inkişaf etməyə başladı, əhalinin iqtisadi vəziyyəti yaxşılaşdı, gələcəyə inam hissi gücləndi. Əvvəllər buranı tərk etməyi düşünən yeniyetmələr artıq icmada gələcək həyatları ilə əlaqədar planlar qurmağa başladılar. Bu gün nəinki icma, hətta qonşu Hacıqasımlı, Naharlı kəndi də təsərrüfatlarının sulanmasında bu sudan faydalanmaqdadır.
    Su sistemləri idarəsinin quraşdırıb bizim sistemə qoşduğu su qurğusu -nasos stansiya bir neçə kəndi suyla təchiz edir. Bu da layihəmizin səmərəliliyinə örnəkdir -deyə söhbət əsnasında icma bələdiyyə sədri Əhliman Teymurov vurğuladı. -İşə salınan ikinci su sistemindən yararlanan idarə bağlanan müqaviləyə əsasən dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq istismarda sərf edilən elektrik enerjisi hasilatını ödəməyi, texniki xidməti öz üzərinə götürüb.Və bunu da layihə dayanıqlığına təsir edən ən güclü amil olaraq görürük - deyə müsahibimiz əlavə etdi.

    Hazırda idarə layihədən bəhrələnərək daha bir şəbəkə yaradır. Sistem birbaşa Naharlı icmasının Arazboyu həyətyanı və pay torpaqlarının suvarılmasına xidmət edəcək. AzKİL-lə əməkdaşlıqda əldə edilən bacarıq, bilik və vərdişlər özünü 2008-ci ildə icmanın suvarmadan ziyan çəkən torpaqlarının şorlanmadan təmizlənməsi, artıq sudan arınmasını təmin edən layihənin gerçəkləşməsində işə yaradı. Layihə kəndin ümumi yaşayış massivi, iki kənd məzarlığı və 800 hektar torpaq sahəsinin şorandan təmizlənib Mil-Muğan kollektoruna tökülərək dənizə axıdılmasına imkan yaratdı. Həm təsərrüfat suyu, həm də torpağa yenidən can verən Drenaj şəbəkəsinə sahib olan əhalinin sevinci artıq hədsizdir.
    İndi Kamallı icmasının sakinləri kəndə gələn bütün qonaqları böyük fəxrlə "Baxın, bu görünən yurd bizimdir" deyərək qarşılayırlar.

    Bölmələr: ugur hekayeleri