» ugur hekayeleri » ZÜLMƏTI YARAN GÜC

 
 
 

ZÜLMƏTI YARAN GÜC

Baxılıb: 559

  • Tarix: 8-04-2014, 13:35
  • AzKİL-lə əməkdaşlıq etmiş icmalardan biri olan Ağdaş rayonunun Hüşün kəndi də icma üçün çox gərəkli və faydalı bir için öhdəsindən gəlmiş, "Elektrik sisteminin bərpası" layihəsinin icrasını tamamlayaraq kənd əhalisinin istifadəsinə vermişdir.
    Bu layihədən qabaq mövcüd olan və sovet dövründən qalmış iki köhnə elektrik tranformatorunun (t/f 100 və t/f 40) kəndin əksər hissələrini enerji ilə təmin etməyə gücü yetmədiyindən 75 ev isıqdan məhrum idi. Buna qatlaşmaqdan başqa çarəsi olmayan və bu yararsızlıq ucbatından çətin güzəran keçirən ailələr ümidsizliyə qapılaraq problemin artıq nə vaxtsa həll ediləcəyinə inanmırdı. Xızır kimi imdada yetişən Azərbaycan Kənd İnvestisiya Layihəsi ümidsiz insanların bu dəfə də üzünü güldürməyi, inam təlqin etməyi bacardı. AzKİL infrastruktur indeksi aşağı olan digər icmalar kimi Hüşün icmasında da İlkin icma qiymətləndirilməsi, səfərbərlik və təlimlər keçirib icma üzvlərinin hazırladığı layihəni təsdiq edərək icraya start verdi.
    Seçimlərində tam əmin olan, qarşılaşdırılan ehtiyaclar içərisində məhz bu problemin çözülməsini yekdilliklə irəli sürən icma üzvləri həyata keçirilən layihədə özlərinin də payı olsun deyə maddi vəsait və əmək töhfəsi şəklində dəstək verərək layihənin sürətlə və uğurla yekunlaşdırılıb təhvil verilməsinə nail oldular. Müvəffəqiyyətlə sonuclanan "Elektrik sisteminin bərpası" layihəsi kənd ərazisində yerləşdirilən iki yeni transformatoru (t/f 100) əhatə edir. Rayon enerji təchizatı idarəsinin qeydiyyatında olan sistemin texniki baxımı kənd bələdiyyəsinin nəzarət qrupu tərəfindən keçirilir, təmir üçün zəruri ehtiyaclar icmanın dayanıqlıq fondundan qarşılanır. Həyata keçirilən layihə icmada dirçəliş yaradaraq Hüşün əhalisinə həllini gözləyən ehtiyaclar barədə hərəkətə keçməyə stimul verdi. Və bu gün birliyi özünü icmanın vəsaiti hesabına qaz sisteminin çəkilişində doğrultdu. Evlərə qaz sayğaclarının qoyulması isə elektrik enerjisindən normal qaydada istifadə etməyə şərait yaratdı.
    İcma sakinləri ilə bir araya gəldiyimizdə, onlar artıq istismarda olan layihənin uğurundan ağızdolusu danışdılar, əldə olunmuş nailliyyətin uzun müddətlilik və dayanıqlılığına yardım məqsədi daşıyan icma fondundan fəxrlə bəhs edərək, bu fondun layihələr üzərində sahibkarlıq hissinin formalaşdırdığını, dayanıqlılığına təminat verdiyini, insanların problemlər ətrafında toplaşmasında əvəzsiz vasitə olduğunu dilə gətirdilər, Azkil-in yalnız icma infrastrukturunda deyil, eləcə də insanların şüurunda köklü intibah keçirdiyini, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etməsi, vətəndaşlıq hissinin formalaşmasında da xidmət göstərdiyini vurğuladılar. Bütün bunlardan sonra Hüşün icmasının sakinləri Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıqda qazandıqları icma inkişafının vacib sayılan proseslərində - səfərbərlik, fond yaratma, icma liderini seçmə, resusları müəyyən etmə, davamlılıq, icmadaxili və icmalararası inteqrasiyada öz bilik, bacarıq, vərdişlərini artırmağa səy göstərərək icmalarının gözəl rifahlı xoş gələcəyi üçün inamla addımlayırlar.

    Bölmələr: ugur hekayeleri