» ugur hekayeleri » MƏKTƏBİN TƏMİRİ BİZƏ OLAN QAYĞININ TƏZAHÜRÜDÜR

 
 
 

MƏKTƏBİN TƏMİRİ BİZƏ OLAN QAYĞININ TƏZAHÜRÜDÜR

Baxılıb: 605

  • Tarix: 8-04-2014, 13:09
  • 1994-cü ildə 90 mindən artıq Axısxa türkü Gürcüstandan Orta Asiya və Qazaxıstana sürgün edildi. 1959-cu ildən başlayaraq onların bir qismi Azərbaycana dönməyə başladı. Bir neçə ailə Saatlının Qaralar kəndi yaxınlığındakı ərazidə məskunlaşdı, yeni yaşayış yuvasına Varxan - Gürcüstanda tərk etdikləri kəndlərinin adını verdilər. Soruşula bilər - niyə doğma el-obasını bir dəfə zor hesabına tərk etmiş insanlar bu dəfə yenidən, amma könüllü köç etməyə başladılar. Bunun səbəbini Azərbaycan xalqının qonaqpərvərliyində, mədəniyəti, dili, məişəti və sair cəhətləri bizə daha yaxın olmasında axtarmaq lazımdır. Tarix göstərdi ki atalarımız o illər düzgün hərəkət ediblər.
    Hal-hazırda yalnız Saatlı rayonunda yeddi kənd Axısxa türklərindən ibarətdir. Biz Azərbaycanda hər vaxt özümüzə qarşı xüsusi qayğı və diqqət hiss etmişik və bu münasibətə görə Azərbaycan xalqına və dövlətinə minnətdarıq.Qaralar kəndinin sakinləri ilə mehriban qonşu olduq. Sovet dönəmində hər iki kənd - Qaralar və Varxan bir kolxozun tərkibində olub, bir sovetliyimiz olub, övladlarımız bir məktəbdə təhsil alıblar.
    Azərbaycan dövləti bizim üçün hər cür şərait yaratdı, çətin günlərdə əlimizdən tutdu. Xüsusi olaraq təhsil haqqında etmək istəyirəm. O illər Axısxa türklərinin övladlarına ali məktəblərə daxil olmaq üçün güzəştlər verilmişdi. Bunun nəticəsidir ki, bu gün kəndimizdə bütün sahələr üzrə kifayət qədər yüksək ixtisaslı mütəxəssis var.İllər ötdükcə Varxan kəndi böyüdü-genişləndi. İndi kənddə 276 Axısxa türkü və 120 azərbaycanlı ailəsi yaşayır. Kənd böyüdükcə problemlər artdı. Onları həll etmək üçün 2000-ci ildə Varxan kənd icması yaratdıq. Həmin il biz Beynəlxalq Xilasetmə Komitəsinin (BXK) Azərbaycan nümayəndəliyi ilə əlaqə qurduq. Təşkilatın əməkdaşları icma qurumu, onun fəaliyyət istiqamətləri, donorlarla əlaqə yaratmaq yolları, layihələr hazırlayıb həyata keçirmək və digər sahələr haqqında bizə təlimlər keçdilər. BXK dəstəyi ilə Varxan kənd ümumtəhsil məktəbinin dam örtüyünün bir hissəsinin dəyişdirilməsi və kənd yolunun təmiri layihələrini həyata keçirdik. Daha sonra biz CHF humanitar təşkilatı ilə əməkdaşlıq etdik. Onların yardımı ilə 18 kanal drenaj kollektorlarmı təmizlədik bu da özəl mülkiyyətə olan torpaqların münbitliyini artırmağa və məhsuldarlığını yüksəltməyə imkan verdi.
    Həyata keçirdiyimiz növbəti layihə də su sistemi ilə bağlıdır. Belə ki, kəndin yaxınlığından keçən Muğan kanalından kənd təsərrüfatı məqsədləri üçünistifadə etməkdən ötrü kanalın kənarında su motoru quraşdırdıq. Bunlardan əlavə, CHF ilə "Aqroservis" müəssisəsi yaratdıq. Müəssisədə icma üzvlərinin istifadəsi üçün kənd təsərrüfatı texnikası cəmləşdirilib, sakinlər bundan kifayət qədər faydalanırlar. 2005-ci ildə AzKİL-in yardımı ilə Varxan kənd orta məktəbi əsaslı təmir olundu.
    Məktəb 1980-ci ildə inşa edilib, 624 şagirdin təhsil alması üçün nəzərdə tutulub. İstismar müddətində bina bərbad vəziyyətə düşmüş idi. Bir tərəfdən dam örtüyünün yarasız halda olmasından yagış suları, digər tərəfdən isə grunt suları tədris prosesini normal təşkil etməyə imkan vermirdi. Uşaqlarda oxumaq həvəsi, müəllimlərdə əhval-ruhiyyə aşağı idi. Layihənin smeta dəyəri 49,5 min ABŞ dollar idi.Layihənin icrası üçün İcma üzvləri həm maddi, həm əmək töhfəsini verdi. Məktəb tanınmaz şəkildə dəyişib Şagirdlərin təhsilə münasibətində, pedagoji kollektivin fəaliyyətində canlanma baş verib. Gözəl şəraitdə müəllim fəal çalışmağa, şagird isə yaxşi oxumağa səy göstərir. Son 5-6 ayda rayonda keçirilən məktəbli fənn olimpiadalarında şagirdlərimiz uğurla çıxış edirlər, mükafatçılar sırasında yer tuturlar. Rayonumuzda problemləri çox olan kənd xeyli saydadır. Bizi zonada iki pilot layihəsindən birinin məhz Varxanda həyata keçirilməsini Axısxa türklərinə olan qayğının təzahürü kimi biz qiymətləndiririk. Qarşıdan isə bizi yeni işlər gözləyir. Kənd təsərrüfatı sahəsində bir neçə layihə həyata keçirməyi nəzərdə tutmuşuq. Varxanın qaz təchizatını bərpası, uşaq bağçasının açılması, feldşer məntəqəsinin tikintisi layihələri artıq hazırdır, onların icra yolunu axtarırıq.



    Lətif Şimşəkov

    Varxankənd İcma fəaliyyət Qrupunun üzvü.

    Bölmələr: ugur hekayeleri