» Bacarıqların Artırılması üzrə Regional Konfranslar (Şimal zonası)

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar (Şimal zonası)

Baxılıb: 697

  • Tarix: 17-04-2014, 15:03
  • Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən keçirilən ilk tədbir öz işinə 17 aprel, 2014-cü il tarixdə Şimal zonasının Balakən şəhərində start verdi. 25-dən cox icmanın (Roçəhməd, Şərif, Təzəkənd, Muğanlı, Mamurux, Poçtbinə, Qəşəd, Padar, Mican, Tircan) 90-a yaxın nümayəndəsinin iştirak etdiyi tədbirin aşılışında AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimli çıxış etdilər, icma inkişafı sahəsində biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının böyük əhəmiyyətliliyini vurğuladılar. AzKİL2-nin fəaliyyətini əks etdirən filmin nümayişinin ardından tədbir iştirakçılarının icmalarda gerçəkləşdirilən layihələr, texniki icra mərhələsi zamanı mənimsənilmiş təcrübə və öyrənilmiş dərslərə bələd olmalarını hədəfləyən və paralel qruplar halında keçirilən sessiyalar işinə başladı.



    Qrup sessiyalarında Xuraman Şabanova (Zaqatala rayonu, Kəpənəkçi icması, bələdiyyə sədri) "Layihənin icrası dövrü daxili və xarici resurslardan istifadənin əhəmiyyəti" və Adilə Hacıyevanın (Balakən rayonu, Şərif icması, İQ sədri) "İcmada səfərbərliyin əhəmiyyəti" mövzularındakı təqdimatları konfrans iştirakçılarının nəzərinə çatdırıldı.



    1026 nəfər (qadın-554, kişi-472) əhalinin yaşadığı Kəpənəkçi icmasını konfransa tanıdan X. Şabanova icmanın səfərbərlikdən öncəki və sonrakı durumunu təsvir etdi. İcmanın öz daxili imkanları hesabına həyata keçirilmiş İcmadaxili yolların cari təmiri, Suvarma arxlarının təmizlənməsi, Abadlıq işlərinin aparılması, Məktəbin cari təmiri, Transformatorların təmiri layihələrindən danışdı. X.Şabanova təqdimatını icmada insanların fəaliyyəti, bilik, bacarıq və qabiliyyətlərinə əsaslanan insani resurslar (lider, icma fəaliyyət qrupu, ixtisaslı icma üzvləri, işçi quvvəsi, donor, könüllülər) və daşınmaz əmlak, texnika, təbii sərvətlər, emal sexləri, maliyyə vəsaitlərinin mündəricə olunduğu qeyri-insani resurslar barəsində geniş məlumatla davam etdirdi. İcmada AzKİL2-nin maddi dəstəyi ilə həyata keçirilmiş və uğurla başa çatdırılmış "Yolun təmiri" layihəsi çərçivəsində eni 5 m, uzunluğu 800 m, eni 4 m, uzunluğu 2500 m, eni 3,5 m, uzunluğu 1780, eni 3 m, uzunluğu 1570 m. olan 6650 m. yolun qum çınqıl qarışığı ilə təmir olunduğunu, icra zamanı 6 ədəd yeni su keçidinin quraşdırıldığını, yolun üst qatına qırma daş döşəndiyini bildirdi. İQ-nun düzgün seçimi, İcma Layihəsinin Planlaşdırılması, Layihə Təklifinin və büdcənin düzgün hazırlanması, Əmək töhfəsinin icmanın daxili resurslarına uyğunlaşdırılması, nəğd pulun bölüşdürülməsi (sosial təbəqələrə/tərkibə uyğunlaşdırılma), İcma Fondunun yaradılması, ağsaqqal, ziyalı, qadın, gənclərlə düzgün əməkdaşlıq kimi xüsusları qazanılmış uğurlar olaraq qiymətləndirdi.



    Digər qrupun təqdimatçısı A.Hacıyeva 3400 nəfər (qadın-1870, kişi-1530) nəfər əhaliyə malik Şərif icmasının tarixi haqqında məlumat verdi, daha öncə icmanın öz daxili imkanları hesabına həyata keçirilmiş layihələrdən (İcmadaxili yolların cari təmiri, Suvarma arxlarının təmizlənməsi, Transformatorların təmiri) bəhs etdi. AzKİL ilə əməkdaşlıq sayəsində ərsəyə gəlmiş "Yolun təmiri" layihəsi (eni 4 m, uzunluğu 6400 m, eni 3,5 m, uzunluğu 2180 m, ümumi uzunluğu 8580 m. olan, qum-çınqıl qarışığı ilə təmir olunmuş yol, təmizlənmiş yolkənarı arxlar), icmanın səfərbərlikdən öncəki və sonrakı durumu, səfərbərliyin əhəmiyyəti, bu fəaliyyətdə qadınların rolundan söhbət acdı. İcma fondundan fəxrlə danışan icma lideri onun layihələr üzərində sahibkarlıq hissinin formalaşdırdğını, dayanıqlılığı üçün xüsusi rol oynadığını, insanların problemlər ətrafında toplaşmasında əvəzsiz vasitə təşkil etdiyini bildirdi. Təqdimatçı AzKİL-in yalnız icma infrastrukturuna deyil, insanların mənəviyyatına da dəyişiklik gətirdiyini vurğuladı.



    Paralel qruplar halında keçirilən sessiyalardan sonra çatdırılan təqdimatlar ətrafında müzakirələr aparıldı. Əməkdaşlıq edilən icmaların inteqrasiyaya müvəffəqliliyi, icra strukturları ilə əlaqələrin irəliləməsi, sahibkarlıq və özünəinam hissinin yüksək səviyyəsi, öyrənilmiş dərslərdən yetərincə "dərs almaq", təqdimatetmə bacarıqlarının təkmilləşməsi, eləcə də qadın liderlərin təcrübəlrindən yararlanmaq kimi xüsuslar interaktiv müzakirələrdə nəticə və faydalı cəhətlər kimi irəli sürüldü.Təqdimat müzakirələrində icma nümayəndələrindən Namiq Məmmədov (Balakən rayonu, Gülüzanbinə icması, İQ sədri), Nizami Cavadov (Zaqatala rayonu, Muğanlı icması, İQ sədri), Məhəmməd Bədirov (Aşağı Çardaqlar icması, İQ üzvü), Aybəniz Həşimova (Qax rayonu, Qorağan icması, İQ sədri), Bəym Osmanova (Ağsu rayonu, Qəşəd icması, İQ üzvü), Əzizə Ağayeva (İsmayıllı rayonu, Hacıhətəmli icması, İQ sədri), Əhməd Əhmədov (Tircan icması, İQ üzvü) və başqaları müzakirə nəticələrini icmaların gələcək fəaliyyətində tətbiq etmək üçün tövsiyyələr hazırladılar, təqdimatçılara onları marqlandıran suallar ünvanladılar.



    Fasilitatorlar Telli İbadova, Rəşad Qaysayev, Sürəyya Həsənova, Qabil Hacıyev qrup işlərinin nəticələri barəsindəki məlumatlarını konfransa çatdırdılar. Konfransın qiymətləndirilməsi bölümündən sonra AzKİL2-in Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən cari ilin ilk tədbirini yekun nitqi ilə sona çatdırdı.

    Bölmələr: ---