» İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Muğan Salyan zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Muğan Salyan zonası)

Baxılıb: 2246

  • Tarix: 12-03-2014, 22:11
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi "İcma layihələrində gender iştirakı" mövzusundakı  digər regional konfransını 11 mart, 2014-cü il tarixdə Muğan Salyan zonasının Masallı rayonunda təşkil etdi. Neftçala, Masallı, Lənkəran rayonlarının 40-dan çox icmasının (Abasalı, Pirəbbə, Dördlər, Güllütəpə, Türkoba, Ətcələr, Çaxırlı, Zövlə, Tatyanoba, Tatoba, Sinovli və s.) 100-ə yaxın nümayəndəsi, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər.

     

    Masallı rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Gülşən Xəlilova son dövrdə zonada vüsət alan quruculuq işlərində qadınalrın iştirakı, regionların sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan AzKİL2 ilə qurulan uğurlu əməkdaşlıq barədə məlumat verdi. Dünya Bankının sosial-inkişaf üzrə mütəxəssisi Michel Rebosio dünyada qadın məfhumunun əyarı, onun hüquq, mövqe, xüsusiyyətləri barəsində söhbət açdı, icma inkişafında cender məsələlərinin daşıdığı önəmdən, onu ərsəyə gətirən faktorlardan danışdı, konfransın işinə uğurlar arzuladı. AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova dünyada və ölkəmizdə gender bərabərliyinin səviyyəsi, bu sahədə atılan mühüm addımlardan, icma inkişafında icma layihələrinin seçimi və həyata keçirilməsində gender iştirakının vacibliyindən danışdı. AzKİL2-nin regionda fəaliyyət göstərdiyi dövr ərzində gender sahəsinin hər zaman müstəsna mövqe daşıdığını, icmalarla əməkdaşlıqda bu vazkeçilməz amilə daima önəm verildiyini qururla bildirdi. Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova bölgədə həyata keçirilən icma layihələrində gender bərabərliyinin hər zaman ön planda müşahidə olunduğunu bildirdi, qadın əməyinin fayda və bəhrələrindən, icma inkişafı sferasında qazanılan uğurlarda gender iştirakının müstəsna rolundan söhbət açdı.

     

    İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyevanın “Qadınların ictimai həyatda rolu” mövzusunda çıxışı dinlənildi. Birliyin əsas fəaliyyət istiqamətinin qızların və qadınların maarifləndirilməsi, onların sosial-iqtisadi inkişafına töhfə vermək olduğunu bildirən təqdimatçı indiyə qədər bu sferada 100-ə qədər  layihənin reallaşdırıldığını, müxtəlif mövzularda (erkən nikah, sağlamlıq maarifi və s.) maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı.Təqdimat müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanması və qəbulunda qadınların iştirakı, siyasi, iqtisadi, ictimai formalara məxsus qadın liderliyi ilə davam etdirilidi. İnsan hüquqlarının ayrılmaz hissəsi olan qadın hüquqları, cəmiyyətdə qadınlara münasibət, dində qadının rolundan danışan təqdimatçı icmada qadın liderliyi, rolu və vəzifələri barəsində də ətraflı məlumat verdi.Təqdimatda ictimai və şəxsi həyatın müxtəlif sahələrində hər iki cinsin imkanlarının, iştirakının bərabər səviyyəsinin təzahürü olan “Gender bərabərliyi”nə geniş yer ayrıldı. Bu sahədə məqsədin cəmiyyətin həyatında qadınların və kişilərin tam iştirakına inam və zəmin yaratmaq olduğu bildirildi.

     

    AzKİL2 Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva "AzKİL-də Lider qadınları rolu" mövzusunda təqdimat etdi. Əməkdaşlıq edilən zonaların 50-yə yaxın qadın liderindən bəhs olunan təqdimat qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi. Burada iştiraklılıq, icma qrupunun gücləndirilməsi, informasiya yayımı, təlim və bacarıqların artırılması, qonşu icmalardakı qadınlarla əməkdaşlıq, icma yönümlü mərasimlərin yüksək səviyyədə təşkilindən bəhs olundu. Həssas qrupların cəlbində qadınların rolu, iştiraklı yanaşma, problemin seçimi zamanı həmfikirlilik, icma layihəsinin planlaşdırılması, layihə təklifi və büdcənin düzgün hazırlanması, layihə təqdimatında iştirak, icma fondu və onun genişləndirilməsi, əmtəə töhfəsinin icmanın daxili resurslarına uyğunlaşdırılması və bu kimi proseslərdəki uğurları da diqqətə çatdırıldı.

     

    Qadın və kişilərdən ibarət iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri keçirildi. İnsanlar-qadınlar və kişilər tərəfindən idarə olunan cəmiyyətin kiçik modeli olan icmada qadınların rolunun əvəzsizliyi əsas xüsus kimi vurğulandı. İcmada birbaşa qadın əməyi sərf olunan, aparıcı əməyin qadınlar tərəfindən icra olunduğu layihələrlə yanaşı, kişi əməyinin üstünlük təşkil etdiyi icma layihələrində də qadınların heç də geri qalmadığı açıqlandı. Layihələrin işlənib hazırlanması, sorğular keçirilməsi proseslərində, icazə sənədləri ilə bağlı, habelə ağır işlərdə çalışan icma üzvlərinə çay, yemək təşkil edilməsində də qadınların yaxından iştirakı, ədalətli əmək bölgüsü nümayiş etdirdikləri bildirildi, qadın liderlərinin təcrübələrindən faydalanmaq və onların inkişafa cəlb prosesinin daha da gücləndirilməsinin lazımlılığı önə sürüldü. Qrup işlərinin plenar təqdimatlarında Aygün Rzayeva (Masallı rayonu, Türkoba İQ üzvü), Mədinə Hüseynova (Xil İQ üzvü) Şərqiyyə Hidayətova (Miyankü İQ sədrinin müavini), Məmmədəli Əlinağıyev (Güllütəpə bələdiyyə sədr) və Vahid Cəlilov (Çaxırlı bələdiyyə sədri) çıxış etdilər.

     

    Əfqan İbrahimov (Masallı rayonu, Türkoba İQ sədri), Zülfiyyə Mirzəyeva (Yeyənkənd İQ sədrinin müavini), Natəvan Əliyeva (Mahmudavar İQ sədrinin müavini), Şakir Kərimov (Sığıncaq İQ sədri), Ülviyyə Nağıyeva (Neftçala rayonu, Pirəbbə İQ sədri), Nuhu Hacıyev (Dördlər İQ üzvü), İradə Bayramova (Qaraqaşlı İQ üzvü), Gülzar Misgərli (Beşdəli İQ üzvü), Rahidə Ağayeva (Lənkəran rayonu, Zövlə İQ üzvü), Mərifət Cavadova (Tatoba İQ üzvü), Aydəmir İsmayılov (Sinovli İQ sədri) konfransın işində daha fəal iştirakları ilə fərqləndilər. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfrans G.Qənbərovanın yekun nitqi ilə sona çatdı.


    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı  (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı  (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı  (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı  (Muğan Salyan zonası)

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı  (Muğan Salyan zonası)


    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı  (Muğan Salyan zonası)

    Bölmələr: ---